“Yanvarın 20-də “Ağıllı Əsr üçün Əməkdaşlıq” mövzusunda öz işinə başlayan Forumda 130-dan çox ölkədən 350 hökumət nümayəndəsi, o cümlədən 60 dövlət və hökumət başçısı iştirak edir. Dünya liderlərinin iştirakı ilə qlobal çağırışlar və onların həlli imkanları araşdırılır. Daha dəqiq ifadə etsək, dünya iqtisadiyyatında yeni texnologiyaların tətbiqi, insan kapitalının inkişafına investisiya qoyuluşu, iş yerlərinin yaradılması, ekoloji təmiz texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyi, sosial və iqtisadi dayanıqlıq əsas müzakirə mövzularıdır. Forum təşkilatçıları bu dəfə də ənənələrinə sadiq qalaraq Azərbaycan Prezidenti İlham Əliyevi Davosa dəvət ediblər. Bu dəvət ölkəmizin və onun liderinin nüfuzundan, ona olan inam və etibardan xəbər verir. Həmçinin qlobal iqtisadiyyatın yeni trendlərini mükəmməl bilən Azərbaycan liderinin fikirləri, təklifləri Forumda qəbul edilən qərarlarda öz əksini tapır”.
Bunu "İki sahil"ə açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib. Onun sözlərinə görə, Azərbaycanın aktiv iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisadi Forumu xüsusi əhəmiyyət kəsb edir: “Yüksək reytinqə malik olan Forumda Azərbaycan ilk dəfə 1995-ci ildə - Ulu Öndər Heydər Əliyevin iştirakı ilə təmsil olunub. 2007-ci ildən başlayaraq Cənubi Qafqazın lider ölkəsi olaraq Azərbaycanın Prezidenti İlham Əliyev Davos Forumuna qatılır. Azərbaycan hər il artan sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdəki uğurları dünya ölkələrinin diqqətini cəlb edir. Dövlətimizin başçısının Davosda keçirdiyi görüşlər, verdiyi müsahibələr, iclaslardakı çıxışları Forumun əhəmiyyətini daha da artırır. Forumun hər iclasına qatılan Prezident İlham Əliyevin çıxışları böyük maraqla izlənilir. Davosda ən çox görüşlər keçirən, müzakirələr aparan ölkə başçısı kimi İlham Əliyevin irəli sürdüyü təşəbbüslər, sərgilədiyi mövqe qlobal problemlərin həllində vacib amil kimi nəzərə alınır. Azərbaycan Prezidenti ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, idarəetmədəki yeniliklər barədə həm mətbuata müsahibələrində, həm də iclaslardakı çıxışlarında geniş məlumat verir. Strateji nəqliyyat qovşağının yaradılması, enerji sektorunda, xüsusilə də, “yaşıl enerji”yə keçidlə bağlı görülən işlər, neft və qeyri-neft sektorunun inkişafı üçün yaradılan investisiya mühiti barədə iştirakçılar bilgiləndirilir”.
T.Mirkişili qeyd etdi ki, Forum çərçivəsində keçirilən görüşlər Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir: “ Prezident İlham Əliyev yanvarın 20-də Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru Nik Stader ilə görüşüb. N.Stader “OliverWyman Group” şirkətinin beynəlxalq strateji idarəedici şirkət olaraq ölkəmizdə müxtəlif qurumlarla mümkün əməkdaşlıq istiqamətlərinə toxunub. Prezident İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb. Məşhur içki brendlərinin istehsalçısı olan şirkətin rəhbəri Azərbaycanda onlara yaradılan şəraitdən məmnunluğunu ifadə edib və fəaliyyətlərini daha da genişləndirmək niyyətində olduqlarını bildirib. Prezident İlham Əliyev qarşı tərəfin müraciəti əsasında Davosda Almaniya Kansleri Olaf Şolts, İsrail Prezidenti İsxak Hersoq, Latviya Prezidenti Edqars Rinkeviçs ilə görüşlər keçirib. Hər üç görüşdə xarici ölkə liderlərinin Azərbaycanla böyük əməkdaşlıq maraqları ifadə olunub. Ölkəmizdəki sabitliyi, inkişafı, xarici şirkətlərə yaradılan münbit şəraiti yüksək qiymətləndirən liderlər də etiraf edirlər ki, bütün bunlar məhz cənab İlham Əliyevin yürütdüyü sağlam iqtisadi siyasətin bəhrəsidir. Davos İqtisadi Forumu Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Forum ölkəmizin strateji baxışlarının dünyaya təqdimatı baxımından da çox böyük əhəmiyyətə malikdir. Xarici sərmayədarların ölkəmizə dəvət olunması, yeni iqtisadi əlaqələr, əməkdaşlıqlar son nəticə olaraq Azərbaycan iqtisadiyyatının böyüməsinə, güclənməsinə hesablanıb.
O da etiraf olunmalıdır ki, hazırda enerji böhranı yaşayan Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu bu gün daha qabarıq görünür. Azərbaycan neft-qaz ixracatçısı kimi beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirib, etibarlı tərəfdaş imicini qazanıb. Avropanın bu gün Azərbaycan qazına, neftinə həmişəkindən daha çox ehtiyacı vardır”.
Sonda millət vəkili qeyd etdi ki, bu gün dünyanın diqqəti İsveçrənin Davos şəhərinə, daha doğurusu, burada keçirilən Dünya İqtisadi Forumuna yönəlib: “ İqtisadi xarakter daşısa da, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsir gücünə malikdir. Dünyanın iqtisadi vizionunu şəkilləndirən bu forumda irəli sürülən təşəbbüslər qlobal iqtisadiyyata ciddi töhfələr verir. İqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoq aparması qlobal iqtisadi böhranın həllində, ərzaq çatışmazlığının aradan qaldırılmasında mühüm rol oynayır, milyonlarla insanın sosial rifahına müsbət təsir göstərir”.
Orxan Vahidoğlu, "İki sahil"