AZ

"... ölkəmizin hüquqi və suveren dövlət olaraq inkişafını təmin edəcək" - QHT sədri ilə MÜSAHİBƏ

"Konstitusiya və Suverenlik ili"nin elan edilməsi, ölkəmizin hüquqi dövlət quruculuğu və suverenliyinin möhkəmlənməsi istiqamətində atılacaq addımların başlanğıcı olacaq. Bu münasibətlə QHT.az Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadədən müsahibə alıb. Onunla keçirdiyimiz müsahibə, bu ilin ölkəmiz üçün nə dərəcədə əhəmiyyətli olduğunu, Konstitusiyanın təbliği və vətəndaşların hüquqi maariflənməsi sahəsində atılacaq addımları və gələcəkdə gözlənilən təşəbbüsləri əhatə edir.

 

QHT.az: “Konstitusiya və Suverenlik ili”nin elan edilməsi ilə bağlı fikirləriniz nələrdir? Bu addım ölkəmiz üçün hansı əhəmiyyət kəsb edir?

Gülqədəm Mirzəzadə:  Ölkəmizdə Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edən Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasının 30-cu ilidir. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamının ilk abzasında “Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir”,-cümlələrini oxuyarkən Azərbaycan xalqının 30 ildə keçdiyi yol göz önündə canlanır.

Azərbaycan xalqı bütün dünyaya əyilməz qürurunu, güclü iradəsini, birlik və həmrəyliyini nümayiş etdirərək 30 il davam edən işğala son qoydu.  Müzəffər Ali Baş Komandanın strategiyasının, Azərbaycanın igid oğullarının qəhrəmanlığının nəticəsi olaraq əldə edilən ərazi bütövlüyümüz Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması niyyətinə nail olması, eləcə də tarixi ədalətin bərpasıdır. Bu baxımdan 2025-ci ilin “Konstitusiya və Suverenlik ili”nin elan edilməsi Azərbaycanın haqqıdır. Əminəm ki, hər il olduğu kimi bu il də ölkəmizdə Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq taleyüklü qərarlar qəbul ediləcək, bu qərarlar Azərbaycanımızın hüquqi dövlət quruculuğu və qarşıda duran strateji hədəflərə doğru inamla irəliləməsinə zəmin yaradacaq.

 

QHT.az:​​​​​​​ Konstitusiyanın təbliği və vətəndaşların hüquqi maariflənməsi istiqamətində hansı təşəbbüsləri həyata keçirmək mümkündür?

Gülqədəm Mirzəzadə: Azərbaycan müstəqilliyini əldə etdikdən sonra çətin bir yol keçib. Bu yolda ərazi bütövlüyümüzün qorunması, müstəqilliyimizin bərpası, iqtisadi sahədə, təhsil, səhiyyə, idman sektorunda inkişaf, vətəndaş cəmiyyəti üçün yaradılmış mühit, beynəlxalq miqyasda tanıtım və nüfuzun əldə olunması, milli dəyərlərin qorunması və sadalamadığım bir çox sahədə yeni yanaşmalar öz əksini tapıb. Bütün bu sahələrdə inkişaf Azərbaycan Respublikasının Konstitusiyasında əks olunan təməl hüquqlara, ölkəmizin rəhbəri tərəfindən imzalanan sərəncam və fərmanlara əsaslanır.

2025-ci ildə bizim də Dövlət və Xalq birliyini ehtiva edən maarifləndirmə tədbirlərini icra etmək öhdəliyimiz var. Təbii ki, bu maarifləndirmədə istiqamətlər ölkəmizin müstəqillik dövründə keçdiyi yol, bu yolun çətinlikləri, taleyüklü qərarların icrası ilə yanaşı xalqımıza məxsus tarixi, milli ənənələrini əks etdirən məlumatlar olacaq. Özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyən, suveren Azərbaycan Respublikasının vətəndaşı olmaq qürurludur.

 

QHT.az: Son olaraq, vətəndaşlarımızın və xüsusilə gənclərin bu istiqamətdə nə etmələri vacibdir?

Gülqədəm Mirzəzadə: Gənclərimizə və bütün vətəndaşlarımıza müraciət edərək, hüquqlarını bilməli, dövlətimizin Konstitusiyasına və qanunlarına hörmət etməlidirlər. Bu, yalnız hüquqi maarifləndirmə deyil, həm də ölkəmizin müstəqil və suveren dövləti olaraq gələcəyini qurmaq üçün vacibdir. Hər bir vətəndaşın Konstitusiya və onun verdiyi hüquqlar barədə bilikləri olmalı, bununla yanaşı, bu hüquqları qorumaq üçün aktiv vətəndaş mövqeyi nümayiş etdirməlidir.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
26
20
qht.az

10Mənbələr