AZ

Ekspert: “Ermənistanın qərbmeylli siyasəti bölgədə risklər yaradır” – ÖZƏL

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ və Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq xartiyasını parlamentdə müzakirə edib. O, bu sənədin iki ölkə arasında çoxşaxəli və uğurlu əməkdaşlıq perspektivləri açdığını bildirib. Mirzoyan vurğulayıb ki, xartiya hərbi ittifaq deyil və Ermənistanın müstəqil qərar qəbul etmə qabiliyyətinə yönəlmiş bir sənəddir. O, həmçinin Rusiya və İranla sıx təmas və koordinasiyanın davam etdiyini, bu sənədin həmin ölkələrlə münasibətlərə təsir etmədiyini qeyd edib. 
Bu xartiya Ermənistanın Rusiya və İranla olan ənənəvi əlaqələrində gərginliyə səbəb ola bilərmi?

Məsələ ilə bağlı Olaylar.az-a açıqlama verən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Ermənistan İran və Rusiya ilə münasibətlərinin gərginləşməməsi üçün çalışacaq: 

"Bəllidir ki, ABŞ ilə yaxınlaşma həm Rusiya, həm də İranın maraqlarına qətiyyən cavab vermir. Mirzoyanın açıqlaması o demək deyil ki, hər şey Ermənistanın istədiyi formada davam edəcək, yaxud Ermənistan  İran və Rusiya ilə manipulyasiya etməkdə davam edə biləcək və manevr imkanları əvvəlki qaydada qalacaq. Çünki ABŞ ilə imzalanan sənəd  Rusiya və İranda qıcıq doğurdu. Sənəd imzalanmadan öncə İranın yüksək rəsmi şəxsləri İrəvana səfər etdilər. İranda məlumat var idi ki, Ermənistan bu istiqamətdə fəaliyyət yürüdür və təklif etmişdi ki, İranla hərbi əməkdaşlıq müqaviləsi imzalansın. İranın bu addımını Ermənistanın ABŞ ilə müqavilə imzalanmasından çəkindirməyə cəhd kimi qiymətləndirmək olar. Əlbəttə, bu baş vermədi və İrəvanla Vaşinqton arasında saziş imzalandı".

Ekspert qeyd edib ki, bundan sonra Lavrov Mirzoyanı təhdidedici formada Ermənistana dəvət edib. 

"Bu, Rusiyanın Ermənistanın addımına qıcıqlandığını göstərdi. Hazırda Rusiya Ermənistana tam nəzarət edə bilir və indiki məqamda bilir ki, Ermənistanın Rusiyadan qaz asılılığı 80 faizdən artıqdır, iqtisadi asılılığı ən yüksək səviyyədədir. Bu o deməkdir ki, indiyə qədər Qərblə Ermənistan arasında gedən proseslər Rusiyanın strateji maraqlarını təhdid edəcək səviyyəyə qədər yüksəlməyib, amma bu istiqamətdə Ermənistan tədricən iş aparır. Bu, əlbəttə bölgə ölkələrini narahat etməyə bilməz. Ermənistan erməni lobbisinin dəstəyi ilə bu siyasəti yürüdür və çalışır ki, üçüncü qüvvələr prosesə qoşulsun. Beləliklə də Ermənistan bölgədə özünü yeni himayədarlarla təmin edə və uzaq perspektivə hesablanan revanşist niyyətlərini həyata keçirə bilsin. Ona görə də, Ermənistan bu istiqamətdə fəaliyyət yürüdür və hesab edirəm ki, kifayət qədər təhlükəli və riskli addımlar atır. Ona görə də Mirzoyanın dediklərinin heç bir əsası yoxdur və Ermənistanın bu istiqamətdə yürütdüyü siyasət İrəvanla Rusiya və Tehran arasındakı əlaqələrin getdikcə kəskinləşəcəyini deməyə əsas verir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
50
olaylar.az

10Mənbələr