Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokurorluğu Əfqanıstandakı "Taliban" hərəkatının yüksək rütbəli nümayəndələrinin həbsinə order verilməsini tələb edib.
Moderator.az xəbər verir ki, bu barədə "'israelinfo.co" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, "Taliban"ın ali lideri Heybətullah Axundzadə və Əfqanıstan Ali Məhkəməsinin rəhbəri Əbdül Hakim Haqqani insanlıq əleyhinə cinayətlərdə ittiham olunur.
BCM-in baş prokuroru Kərim Xan bildirib ki, bu liderlər qadınların və qızların hüquqlarının müntəzəm olaraq pozulmasına, habelə "Taliban"ın ideoloji standartlarına uyğun olmayan şəxslərin təqib olunmasına görə məsuliyyət daşıyır.
"Əfqan qadınları, qızları və LGBT icmaları "Taliban" tərəfindən misilsiz və qəbuledilməz təqiblərə məruz qalır. Bu, yolverilməzdir və atdığımız addım göstərir ki, belə bir vəziyyət qəbul edilə bilməz," - Kərim Xan vurğulayıb.
"Taliban"ın 2021-ci ilin avqustunda hakimiyyətə gəlməsindən sonra ölkədə qadınların hüquqları müntəzəm şəkildə pozulub. Qadınların işləmək və təhsil almaq hüququ əlindən alınıb. Sonuncu fərmanlardan biri isə qadınların görünə biləcəyi pəncərələri olan binaların tikilməsini qadağan edib.
"Qadınların mətbəxdə, həyətdə və ya quyu başında işlədiyini görmək nalayiq davranışlara səbəb ola bilər", - "Taliban" nümayəndəsi Zəbihulla Mücahid bu qərarın mahiyyətini izah etməyə çalışıb.
Hüquq müdafiə təşkilatları BCM-in bu addımını alqışlayıb. "Human Rights Watch" təşkilatının tədqiqatçısı Fəriştə Abbasi bildirib ki, "qadınların və qızların hüquqlarının, xüsusilə təhsil hüququnun pozulması cavabsız qalmamalıdır. Günahkarları məsuliyyətə cəlb etməyin vaxtıdır".
Orderlərin təsdiqlənməsi BCM hakimləri tərəfindən həyata keçirilməlidir. Bu proses adətən bir neçə ay çəkir. Əfqanıstan liderlərinin həbs olunma ehtimalı isə olduqca qeyri-müəyyəndir.
Bundan əvvəl Rusiya, İsrail və HAMAS nümayəndələrinə qarşı verilmiş orderlər də icra olunmayıb. ABŞ-ın yeni prezidenti Donald Tramp isə İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalanta qarşı təqiblərə görə BCM hakimlərinə sanksiyalar tətbiq edəcəyinə söz verib.
Hazırda heç bir ölkə "Taliban"ı Əfqanıstanın qanuni hökuməti kimi rəsmi olaraq tanımayıb, baxmayaraq ki, Rusiya, Çin və Pakistan kimi bəzi dövlətlər onlarla diplomatik əlaqələr qurub.