İran fars-molla rejimi, 1979-cu il inqilabından sonra ideoloji əsaslar üzərində qurulmuş bir hakimiyyət sistemi yaratdı. Lakin mollalar bu rejimin mövcudluğunu qorumaq üçün yalnız ideoloji prinsipləri yetərli görmədilər çünkü onlar daxili müxalifəti yatırmaq, cəmiyyəti nəzarət altında saxlamaq və öz hakimiyyətlərini möhkəmləndirmək üçün genişmiqyaslı repressiya aparatına ehtiyac olduğunu düşünürdülər. Elə ona görə də, Xomeyni bir fərman yazaraq bu sistemin idarə olunması üçün İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) yaratdı.Bu məqalədə İran rejiminin repressiya sisteminin əsas strukturları, fəaliyyət mexanizmləri və onların toplum üzərində təsirinə nəzər salacayıq.
SEPAH və Onun Repressiya Sistemindəki Rolu
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) fars-molla rejiminin hərbi-ideolojik və təhlükəsizlik sahəsindəki əsas sütunudur. SEPAH repressiya strukturunun müxtəlif bölmələrini birbaşa və dolayı yolla idarə edir. Onun əsas missiyası daxili müxalif quvvələri susdurmaq və rejimin davamlılığını təmin etməkdir. SEPAH-ın əsas fəaliyyət sahələrinə aşağıdakılar daxildir:
• Quru qoşunları: Şəhərlərdə kütləvi etirazların yatırılmasında birbaşa iştirak edir.
• Sarallah (Allahın qanı) Qərargahı: Rejimə qarşı genişmiqyaslı etirazların mərkəzində xüsusi əməliyyatlar həyata keçirir.
• Kəşfiyyat şöbəsi: Müxalifləri izləmək, həbs etmək və neytrallaşdırmaq üçün istifadə edilir.
Bəsic Təşkilatı: Rejimin Sosial Nəzarət Mexanizmi
Bəsic, SEPAH-ın tabeçiliyində fəaliyyət göstərən yarımhərbi təşkilatdır və İran adlanan ölkənin bütün sosial təbəqələrinə nüfuz etmək üçün qurulmuşdur. Bu təşkilatın əsas funksiyaları aşağıdakılardır:
• Müxaliflərin aşkar edilməsi və nəzarət altına alınması.
• Universitetlərdə və iş yerlərində rejimin təbliğatı və nəzarət fəaliyyətləri.
• Etirazlara qarşı güc tətbiqi və rejim tərəfdarlarının səfərbər olunması.
Kiber Nəzarət və Medianın Manipulyasiyası
Fars- molla rejiminin repressiya strukturunun müasir vasitələrindən biri də internet üzərindəki nəzarətdir.
SEPAH Kiber Qərargahı vasitəsilə rejim:
• Müxaliflərin sosial media hesablarını izləyir və bloklayır.
• Saxta məlumat yaymaqla ictimai rəyi manipulyasiya edir.
• Etirazları təşkil edən qrupları müəyyən edir və onların fəaliyyətini məhdudlaşdırır.
Eyni zamanda, dövlətə bağlı media qurumları repressiyaları əsaslandırmaq, rejimə qarşı çıxışları düşmən fəaliyyəti kimi təqdim etmək və ictimai fikri istiqamətləndirmək üçün mühüm rol oynayır.
Hüquq Sisteminin Aləti: İnqilab Məhkəmələri
İran adlanan ölkədə İnqilab Məhkəmələri fars-molla hakimiyyətinin repressiv siyasətini əsaslandırmaq üçün özlərinin qəbul etdikləri şəriət “qanun”-larından istifadə edərək məhkəmələrdə müxalifləri qondarma ittihamlarla həbs edir və ağır hökmlər çıxarılır. SEPAH-ın nəzarətində olan gizli həbsxanalar, xüsusilə Evin həbsxanası, müxaliflərin işgəncələrə məruz qaldığı əsas mərkəzlərdən biridir.
46 ildən sonra əminliklə diyə bilərik ki, SEPAH və onun yaratdığı repressiya sistemi, rejimin ideoloji, siyasi, iqtisadi və ictimai problemlərinin üzərini örtməyə çalışsa da, bu problemləri həll etmək iqtidarında deyil.
Fars-molla terror rejimi İdeolojik olaraq rejimin əsaslarını təşkil edən “inqilab ruhu” artıq toplumun əksəriyyəti üçün aktuallığını itirib. Siyasi baxımdan kütlə rejimə etimadsızlığını günü-gündən açıq göstərir. İqtisadi sferada isə korrupsiya və SEPAH-ın iqtisadiyyatda hegemonluğu sosial narazılıqları hər gün artırır və rejimlə toplum arasında dərin sosial və ideoloji çatlar böyüyür.
Bu isə o deməkdir ki, fars-molla rejiminin repressiya aparatına baxmayaraq, onun ideoloji, siyasi, iqtisadi və ictimai çöküşü qaçılmazdır. Bu proses tədricən sürətlənir və rejimin uzunmüddətli davamlılığına ciddi şübhə altına alır.
SAM sədri Sadiq İsabəyli
visiontv.az