Təbriz Musayev: “Bu, onu göstərir ki, Kreml Ukrayna məsələsində güzəştə getmək fikri yoxdur”
ABŞ-ın realizmi olmadan Ukraynadakı müharibəni 100 günə həll etmək mümkün deyil. Bunu TASS-a Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Mən əvvəlcə anlamaq istərdim ki, Amerika tərəfi hansı əsasla nizamlanmaya doğru irəliləmək niyyətindədir. Əgər son günlər eşitdiyimiz siqnallara əsaslansaq, bu, 100 günə və ya daha çox müddətdə baş verməyəcək. Əgər Vaşinqtonun yanaşması daha real olarsa, o zaman ola bilsin ki, müəyyən bir proses başlayacaq, ancaq onun tempini bu gün də proqnozlaşdırmaq çətindir”, - Ryabkov bildirib.
Qeyd edək ki, bundan əvvəl “The Wall Street Journal” ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa Rusiyanın Ukraynaya qarşı müharibəsini 100 gün ərzində dayandırmağı tapşırdığını yazmışdı. Ancaq görünən odur ki, Rusiyada münaqişənin bu zaman çərçivəsində həllinin mümkünlüyünə inanmırlar. Yəni artıq Rusiyada da Trampın 100 gün ərzində Ukrayna müharibəsinin başa çatdırılmasının mümkünlüyünə inamlarını, optimistiklərini itirirlər. Yəni onlar da başa düşürlər ki, 100 gündə bu müharibəni tənzimləmək mümkün deyil.
Sözügedən məsələni bakı-xeber.com-a şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev Rusiya XİN rəsmisinin belə pessimist mövqedən çıxış etməsini bir sıra faktorlarla əlaqələndirdi: “Əvvəla, Riyabkovun belə bir açıqlama ilə çıxış etməsi əsla təsadüfü deyil. O, bununla Kremlin siqnalını dünyaya çatdırır. Bu, onu göstərir ki, Kreml Ukrayna məsələsində güzəştə getmək fikri yoxdur. Məsələ ondadır ki, Rusiya böyük itkilər hesabına irəliləyir. Rusiya ordusu 2023-cü illə müqayisədə ötən il daha çox ərazi ələ keçirib. Halbuki, 2022-ci ilin 24 fevralında Rusiya müharibəyə başladıqda işğal etdiyi ərazilərin böyük bir qismini həmin ilin payızına qədər əlində saxlaya bilmədi. Sonrakı dövrlərdə ABŞ-ın Ukraynaya yardımı 6 ay yubatması, bir sıra vacib silahları vaxtında verməməsi Rusiyanın yenidən üstünlüyü ələ alması ilə nəticələndi. Rusiya ənənəvi yorucu taktikaya üstünlük verərək Ukrayna və Avropa İttifaqını tükəndirmək istəyir. Çünki yaxşı bilirlər ki, Aİ-də Ukraynaya yardımlarla bağlı fikir ayrılıqları kəskinləşir. Ona görə də Rusiya bundan maksimum faydalanmağa çalışır. Bir şeyi nəzərə almaq lazımdır ki, Rusiya üçün əsgər itkisinin heç bir əhəmiyyəti yoxdur. Çünki onlar üçün insan amili heç vaxt önəmli olmayıb. Tramp əvvəl müharibəni bir günə dayandıracağını bəyan edirdi. Təbii ki, bu, populist bir yanaşma idi. İndi 100 gündən danışırlar. Ancaq problem ondadır ki, Rusiya hansısa əraziləri güzəştə getmək istəmir. Üstəlik, atəşkəs yox, sülh istəyir. Moskva istəyir ki, işğal etdiyi ərazilərin ilhaqını legitimləşdirsin və Rusiyaya qarşı bütün sanksiyalar ləğv edilsin. Bu isə real görünmür. Fikrimcə, müharibə davam edərsə və ABŞ Ukraynaya yardımları artırmaqla bərabər növbəti sanksiyalara gedərsə, bunun sosial-iqtisadi nəticələri Rusiya üçün ağır olacaq”.
Vidadi ORDAHALLI