AZ

Azərbaycan-Belarus münasibətləri müsbət istiqamət üzrə davam edəcək

Belarusun hazırkı lideri Aleksandr Lukaşenko 7-ci dəfə ölkənin prezidenti seçilib.

Onun indiyə qədərki prezidentlik dövründə Azərbaycan-Belarus münasibətlərində gərginlik yaşanmasa da, bundan sonrakı dönəmdəki Lukaşenkonun yürüdəcəyi siyasət maraq doğuran məqamlardan biridir.

Lukaşenkonun növbəti prezidentlik dönəmində Azərbaycan-Belarus əlaqələrində dəyişiklik ola bilərmi?

Mövzu ilə bağlı politoloq Əli Zülfüqaroğlu öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Belarus prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə qarşı mövqeyi həmişə yaxşı olub:

"Eyni zamanda Azərbaycanın da Belarusa qarşı münasibəti müsbət məqamlarla yadda qalıb. Hər iki dövlət iqtisadi və siyasi əlaqələrin inkişafında hər zaman maraqlı olub. İkinci Qarabağ müharibəsi zamanı da Belarusun mövqeyi müsbət olmaqla yanaşı, ədalətli qərarlarla müşahidə olunmuşdu. Baxmayaraq ki, o vaxt Lukaşenkonun Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasının onu heyrətləndirdiyini açıqlamışdı və onun bu fikirləri birmənalı qarşılanmamışdı. Onun bu yanaşması ölkədə əks effekt verdi. Çünki Qarabağ tarixi Azərbaycan ərazisidir".

Əli Zülfüqaroğlu:  Hər iki dövlət iqtisadi və siyasi əlaqələrin inkişafında maraqlı olub

Ə. Zülfüqaroğlu hesab edir ki, ümumilikdə Lukaşenkonun fəaliyyəti dövründə Azərbaycanla Belarus arasında münasibətlər müsbət istiqamət üzrə davam edib və bundan sonra da eyni qayda ilə davam edəcək.

"Qarşıdakı dövrdə də iki ölkə arasında siyasi, iqtisadi və hərbi müstəvidə əməkdaşlıqlar davam edəcək. Bu, Azərbaycanın və Belarusun maraqlarına cavab verir", - deyə Əli Zülfüqaroğlu vurğulayıb.

Gülşən Şərif

Seçilən
16
24
bakivaxti.az

10Mənbələr