AZ

Azərbaycan “yaşıl” enerji ölkəsinə çevrilir

Son illər planetimizdə baş verən qlobal iqlim dəyişikliyi bəşəriyyət üçün ciddi təhdidə çevrilib. Sənayenin sürətli inkişafı, mədən yanacağından istifadənin genişlənməsi ilə əlaqədar atmosferə atılan karbon emissiyalarının getdikcə artması qlobal istiləşməyə səbəb olur. İqlim dəyişikliyinin mənfi təzahürlərindən biri olan istiləşmə isə ekosistemə ciddi ziyan vurmaqla su ehtiyatlarının azalmasına, quraqlığa və yaşıllıqların məhv olmasına gətirib çıxarır. Bəşəriyyəti gözləyən fəlakətin qarşısını almaq məqsədlə dünya ölkələri hazırda bir sıra təşəbbüslər irəli sürür, “yaşıl” enerjiyə keçidi sürətləndirmək üçün müxtəlif layihələr icra edirlər.

Azərbaycan da qlobal çağırışlara uyğun olaraq dünyanın prioritet elan etdiyi “yaşıl keçid”in fəal iştirakçısına çevrilib. Bu məqsədlə ölkəmiz özünün zəngin bərpaolunan enerji mənbələrindən səmərəli istifadə etmək məqsədilə bir sıra mühüm layihələr həyata keçirir. Artıq “yaşıl” enerjinin inkişafını prioritet istiqamət kimi müəyyən edən Azərbaycan uğurlu beynəlxalq əməkdaşlıq şəraitində bu sahəyə xarici investisiyaları cəlb etməyə başlayıb. Bununla ölkəmiz enerji sahəsində dayanıqlılığı artırmaqla yanaşı, qlobal səylərə də töhfə verməyə çalışır. Prezident İlham Əliyevin 2024-cü ili Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi, eləcə də ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına uğurla evsahibliyi etməsi bu baxımdan diqqət çəkir.

Ötən il ölkəmizdə bərpaolunan enerji mənbələrinin hərəkətə gətirilməsi  istiqamətində bir sıra uğurlara imza atılıb. Təkcə onu qeyd etmək kifayətdir ki, 2024-cü ildə ölkəmizin “yaşıl” enerji mənbələri üzrə elektrik enerjisi istehsalı əvvəlki ilə nisbətən 1 milyard 728,7 milyon kilovat-saat artaraq 3 milyard 850,9 milyon kilovat-saata çatıb. Təmiz enerjinin 3 milyard 11 milyon kilovat-saatı su elektrik stansiyalarının, 839,9 milyon kilovat-saatı isə bərpaolunan enerji mənbələrinin payına düşüb. İl ərzində ölkənin günəş elektrik stansiyalarında 556,3 milyon kilovat-saat, külək elektrik stansiyalarında 51,1 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 232,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Yeri gəlmişkən, bərpaolunan enerji istehsalının kəskin artması 2023-cü ilin oktyabr ayında istifadəyə verilmiş 230 meqavatlıq “Qaradağ” Günəş Elektrik Stansiyasının ahəngdar rejimdə çalışması ilə bağlı olub. 

Ötən il ölkənin bərpaolunan enerji mənbələrinin hərəkətə gətirilməsi istiqamətində atılan uğurlu addımlardan biri də “Xızı – Abşeron” Külək Elektrik Stansiyasında ilk külək turbinlərinin quraşdırılmasına start verilməsi ilə bağlı olub. Stansiyanın inşa olunduğu ərazidə il ərzində 3 külək turbininin quraşdırılması işləri tamamlanıb. Ümumilikdə isə, burada hər birinin gücü 6,5 meqavat olan 40 turbinin quraşdırılması nəzərdə tutulur. 240 meqavatlıq sənaye miqyaslı külək parkının cari ildə tam istismara verilməsi nəzərdə tutulur. İlkin hesablamalara görə, stansiyada ildə 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bu isə il ərzində 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa imkan verəcək.

2024-cü il iyunun 4-də Xəzər neft-qaz sərgisi zamanı Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ümumi gücü 1 qiqavat olan üç böyük layihənin təməli qoyulub. Həmin layihələrə Biləsuvarda 445 meqavatlıq, Neftçalada 315 meqavatlıq günəş və Bakı – Şamaxı yolunun üstündə 240 meqavatlıq Abşeron – Qaradağ külək elektrik stansiyaları daxildir. Eyni zamanda, COP29 günlərində BP şirkəti ilə əməkdaşlıq çərçivəsində Cəbrayılda inşa ediləcək “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. 

Yeri gəlmişkən, Biləsuvar Günəş Elektrik Stansiyanının layihə gücü 445 meqavat təşkil edir. Burada il ərzində 897 milyon kilovat-saat təmiz enerji istehsalı nəzərdə tutulur. Bu da 179 min evin elektrik enerjisi ilə təchizatına imkan yaradacaq. Layihənin dəyəri isə, təxminən, 390 milyon ABŞ dolları təşkil edəcək. 1454 hektar ərazidə inşa olunacaq  stansiyanın fəaliyyəti nəticəsində il ərzində 193 milyon kubmetr təbii qaza qənaət olunacaq. Bu isə 367 min ton karbon emissiyasının azaldılması deməkdir. 

Neftçalanın Bankə qəsəbəsinin ərazisində inşa olunacaq günəş elektrik stansiyasının layihə gücü 315 meqavat təşkil edəcək ki, bunun da hesabına ildə 641 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Stansiya işə düşdükdən sonra 128 min evi təmiz elektrik enerjisi ilə təmin edəcək. Dəyəri, təxminən, 280 milyon dollar təşkil edən layihənin işə düşməsi nəticəsində ildə 138 milyon kubmetr təbii qaza qənaət olunacaq. Bunun da hesabına atmosferə atılan karbon dioksidin miqdarı 262 min ton azalacaq.

“Abşeron – Qaradağ” Külək Elektrik Stansiyasının layihə gücü isə 240 meqavat təşkil edəcək. Layihə dəyəri 285 milyon dollar təşkil edən stansiyada il ərzində 2305 kilovat-saat təmiz enerji istehsal olunacaq ki, bu da 165 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcək. Eyni zamanda, stansiyanın işə düşməsi ilə il ərzində 314 min ton karbon emissiyası azalacaq. 153 min evin elektrik enerjisi ilə təchizatı da məhz bu stansiya vasitəsilə həyata keçiriləcək. 

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda inşa ediləcək “Şəfəq” Günəş Elektrik Stansiyasında il ərzində, təxminən, 500 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da illik 120-150 milyon kubmetr təbii qaza qənaət etmək və 260-330 min ton karbon emissiyasının azaldılması deməkdir. BP şirkətinin operatoru olduğu layihə üzrə əhəmiyyətli irəliləyişlərə nail olunub. Hazırda  yarımstansiyanın tikintisi intensiv şəkildə aparılır, yollar və digər infrastrukturla bağlı məsələlər həll olunur. 

Ötən il ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə keçirilən ilk hərracın da qalibi müəyyənləşib. Qobustanda inşa ediləcək 100 meqavatlıq günəş elektrik stansiyasının tikintisi üzrə keçirilən hərracda Çinin “Universal International Holdings Limited” şirkəti qalib gəlib. Artıq bu layihənin reallaşdırılması istiqamətində işlərə start verilib.  

2025-ci ildə “yaşıl” enerji ilə bağlı layihələrin icrası bir qədər də sürətlənəcək. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin dediyinə görə, ilin sonuna qədər Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa edilən 240 meqavat gücündə külək elektrik stansiyasının ümumi elektrik şəbəkəsinə qoşulması planlaşdırılır. Bu layihənin tam istismara verilməsi ilə ölkəmizdə “yaşıl enerji”nin payı əhəmiyyətli dərəcədə artacaq. Bununla yanaşı, il ərzində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin həyata keçirdiyi günəş elektrik stansiyalarının tikintisi də sürətlə davam etdiriləcək. Bu da hər iki stansiyanın 2026-cı ildə şəbəkəyə qoşulmasına imkan yaradacaq. Bütövlükdə isə, 2027-ci ilə qədər ümumi gücü, təxminən, 2 qiqavata çatan 8 günəş və külək enerjisi stansiyanın istismara verilməsi nəzərdə tutulur.

Bütün bu layihələrin icrası isə ölkəmizin “yaşıl enerji” potensialını artıracaq və bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası baxımından əhəmiyyətli nəticələr əldə etməyə imkan verəcək.

Seçilən
33
50
xalqqazeti.az

10Mənbələr