AZ

"Hələ Ukraynaya təcavüzünün ilk günlərindən dedim ki, Rusiya  artıq o müharibəni siyasi, iqtisadi və hərbi cəhətdən uduzub...”

“Elə Tramp administrasiyasının qarşısında duran vəzifələrdən biri də Ukraynada müharibənin dayandırılmasıdır. Bəziləri fikirləşirdi ki, yanvarın 20-dən ABŞ Ukraynanı tək buraxacaq...”
 
“Mən hələ 2022-ci il fevralın 24-dən sonra, yəni Rusiyanın Ukraynaya təcavüzünün ilk günlərindən demişəm ki, Rusiya artıq o müharibəni siyasi, iqtisadi və hərbi cəhətdən uduzub. İndi deyirlər ki, Rusiya Ukrayna ərazisinin 20 faizini ələ keçirib. Düzdü. Amma hələ bu, qələbə demək deyil. Artıq fevral ayında müharibənin 3 ili tamam olacaq. Lakin Putin hələ də nəzərdə tutduğu heç bir hədəfə çatmayıb”. 
 
Bunu Moderator.az-a açıqlamasında “Təhlilləriniz nə göstərir, 2025-ci ili Rusiyanın Ukraynaya qarşı təcavüzkar savaşında məğlub ediləcəyi il hesab etmək olarmı?” sualını cavablandıran hərbi-siyasi ekspert Üzeyir Cəfərov söyləyib.
 
“Biz də 27-28 il ərzində Qarabağı itirmişdik və rus-erməni  birləşmələri torpaqlarımız üzərində hegemonluğu həyata keçirirdi. Və nəhayət, 2020-2023-cü illərdə Azərbaycan işğal edilmiş əraziləri üzərində suverenliyini bərpa etdi.  Bu gün yalnız hələlik Qazaxın 3  kəndi və Naxçıvanın Kərki kəndi işğal altındadır. Ermənistan da söz verib ki, bu məsələ ən geci aprel ayında öz həllini tapacaq... Və Ukrayna savaşında da Rusiya da bir təcavüzkar ölkə kimi gec-tez qəti şəkildə yerində oturdulmalıdır. Hesab edirəm ki, 2025-ci ildə Rusiya-Ukrayna müharibəsi hansısa şəkildə müvəqqəti də olsa, durdurulacaq”, - deyə davamında ekspert diqqətə çatdırıb.
 
Üzeyir  Cəfərov hesab edir ki, Tramp administrasiyası Ukraynada savaşın durdurulması üçün əlindən gələni edəcək. 
 
“Elə Tramp administrasiyasının qarşısında duran vəzifələrdən biri də Ukraynada müharibənin dayandırılmasıdır. Bəziləri fikirləşirdi ki, yanvarın 20-dən ABŞ Ukraynanı tək buraxacaq. Düzdü, Ağ Evdə 90 gün ərzində xarici yardımların dayandırılması haqda sənəd imzalanıb və müəyyən yoxlama və araşdırmalar aparılanadək Ukraynaya da bir çox yardımlar dayandırılacaq. Amma bu o demək deyil ki, Ramştayn formatı çərçivəsində digər Qərb ölkələrinin də Ukraynaya yardımı dayandırılacaq.  Qərbdən Ukraynaya yenə də dəstək var və o, davam etdiriləcək”, - hərbi-siyasi ekspert vurğulayıb.
 
Sultan Laçın
 
Seçilən
8
32
moderator.az

10Mənbələr