AZ

"Rusiya bu nəticə ilə qələbəsini elan edib sülh danışıqlarına başlayacaq" - AÇIQLAMA

Rusiya nümayəndə heyətinin Vaşinqtona getdiyi, müzakirələrin davam etdiyi deyilir. Belə ki, “Intelligence Online” saytının iddialarına görə, kəşfiyyat məlumatları üzrə ixtisaslaşmış qapalı təmaslarda Trampın andiçməsindən bir ay sonra, yəni fevralda Putinlə görüşün keçirilməsi və müharibənin bitirilməsi üzərində razılaşma əldə edilib. 

 

Sözügedən hadisələr fonunda, yaxın zamanlarda Ukrayna savaşı bitə bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, qarşıdakı həftələrdə ABŞ və Rusiya nümayəndələrinin Vaşinqtonda yenidən görüşəcəyi deyilir:

 

“ABŞ Ukrayna rəhbərliyinə qəbul etdirə bilib ki, danışıqlar dövründə Rusiyanın ələ keçirdiyi ərazilər üzərində nəzarətini tanısın. Yəni sülh imzalanana qədər həmən bölgələr Rusiyanın əlində qalacaq. Kiyev artıq “Rus qoşunları ərazilərimizi tərk etmədən danışıqlara başlamayacağıq” demir. Yalnız bunun üçün təhlükəsizliyin təmin edilməsini istəyir. Rusiya isə başqa bir tələb irəli sürür. Moskva istəyir ki, Kiyev NATO-ya üzv olmayacağı və bitərəfliyini qoruyacağı haqqında bəyanat versin, həmçinin Ukrayna Qərb və Rusiya arasında tərəfsiz bölgə olsun. ABŞ isə Rusiyaya bunları vermək niyyətində deyil”.

 

Ekspert bildirdi ki, Co Baydendən fərqli olaraq Tramp Ukraynanın silahlandırılmasını və Rusiyanın bu yolla sülhə məcbur edilməsini qəbul etmir:

 

“Ancaq bu ölkəyə ağır sanksiyaların tətbiq edilməsini də nəzərdən keçirir. Ehtimal ki, növbəti hədəf Rusiyanın neft sektoru olacaq. Trampın neftin qiymətini aşağı salmaq siyasəti də məhz Rusiyaya təzyiq vasitəsi kimi nəzərdə tutulub. Rusiyada da bir çox ekspertlər hesab edir ki, Ukraynada əldə edilən indiki nəticə elə qələbə deməkdir və artıq əməliyyatları uzatmağın mənası yoxdur. Ehtimal ki, Kreml mövcud nəticə ilə qələbəni elan edərək müharibəni dayandıracaq və sülh danışıqlarına başlayacaq”.

 

Günay Rəsulqızı
 

Seçilən
3
32
sfera.az

10Mənbələr