Vaşinqtonda qəzaya uğrayan təyyarənin göyərtəsində səkkiz konkisürən və dörd məşqçinin olduğu güman edilir.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a mənbə bildirib.
“İlkin məlumata görə, təyyarədə fiqurlu konkisürənlər Spenser Leyn, Gina Han, Eddi Çjou, Everli və Lidiya Livinqston bacıları, Franko Aparisio, Şon Kay, Anjela Yanq, həmçinin məşqçilər Vadim Naumov, Zhenya Şişkova, İnna Volyanskaya və başqa bir buz rəqsi məşqçisi olub" – agentliyin həmsöhbəti bildirib.
Xatırladaq ki, çərşənbə günü axşam Vaşinqtonun mərkəzindən avtomobillə 10-15 dəqiqəlik məsafədə yerləşən Ronald Reyqan hava limanı yaxınlığında səmada Amerika sərnişin təyyarəsi və ABŞ ordusuna məxsus helikopter toqquşub. Kanzasdan "American Airlines" üçün uçan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Təyyarə Potomak çayına düşüb. Hazırda faciə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.
"BNO News" portalının məlumatına görə, ən azı 19 sərnişinin cəsədi çaydan çıxarılıb. CNN xəbər verir ki, bir saat yarım axtarışdan sonra sağ qalan tapılmayıb. Bundan əvvəl NBC televiziya şirkətinin regional bölməsi təyyarə qəzasından sonra ən azı dörd nəfərin çaydan çıxarıldığını bildirmişdi.
Turan İSMAYIL