EN

“Neftçi” və “Şamaxı”nın görmədiyi nöqtə

Misli Premyer Liqasında 2024/25 mövsümünün ilk yarısı başa çatıb.

İdman.biz xəbər verir ki, iki dövrəni əhatə edən 18 turda 90 oyun keçirilib.

Bu matçlarda 20 penalti təyin olunub. 11 metrlik cərimə zərbələrindən 14-ü qolla nəticələnib. Digər 6 cəhd qeyri-dəqiq alınıb. Futbolçuların 11 metrlik nöqtədən dəqiqlik faizi 70 faiz təşkil edir.

“Turan Tovuz” hamıdan çox – 6 penalti imkanı qazanıb. Kurban Berdıyevin komandası bu şansların yarısını qaçırıb. Elə vurulmayan penaltilərin də düz yarısı qərblilərin hesabındadır.

100 faizlik nəticə göstərənlər arasında ən çox qol vuran “Araz-Naxçıvan”dır. Mövsümün sürpriz komandası “üçdə üç” edib.

Premyer Liqanın 10 komandasından 7-si belə imkan əldə edib. İki klub - “Neftçi” və “Şamaxı” “ağ nöqtə”yə yaxınlaşmayıb.

Penalti vuran klublar: “Turan Tovuz” – 6 penalti (3-ü qeyri-dəqiq), “Araz-Naxçıvan” - 3, “Sabah” – 3 (1), “Zirə”, “Qarabağ” - 2, “Kəpəz” – 2 (1), “Sumqayıt” – 1, “Səbail” – 1 (1).

Mövsümün arxada qalan hissəsində 9 komandanın qapısına penalti təyin edilib. Yalnız “Araz-Naxçıvan”ın qapısına belə zərbə təyin olunmayıb.

“Şamaxı” daha çox 5 dəfə cəzalanıb. Bu penaltilərdən dördü qolla nəticələnib.

Penalti ilə cəzalanan klublar: “Səbail”, “Şamaxı” – 4 (1), “Qarabağ”, “Sumqayıt”, “Kəpəz” – 2 (1), “Zirə” - 2, “Sabah”, “Turan” – 1, “Neftçi” – 1 (1).

Futbolçulara gəlincə, rekord və antirekord eyni ünvandadır. “Turan Tovuz”un futbolçusu Kristian da Silva hamıdan çox – 3 penalti vurub. Amma o, iki imkanı qaçıran yeganə oyunçu olub.

İki zərbədə 100 faizlik nəticəyə isə yalnız 2 futbolçu imza atıb. “Araz-Naxçıvan”da Felipe Santos, “Zirə”də Rafael Utziq bunu bacarıb.

Qeyd edək ki, cari çempionatda təxminən hər 4,5 oyuna və ya 405 dəqiqəyə bir penalti təyin olunub.

Vüqar Xeyrullayev
İdman.biz

Chosen
96
50
idman.biz

10Sources