Futbol üzrə Qazaxıstan milli komandasının qapıçısı Stas Pokatilov bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər arasındakı müqavilənin müddəti və transferin digər detalları açıqlanmır. Amma əldə etdiyimiz məlumata görə, son olaraq Qazaxıstanın “Tobol” klubunun formasını geyinmiş Pokatilov “Sabah”a azad agent kimi qoşulub. Tərəflər hələlik mövsümün sonuna kimi anlaşıblar. Amma paytaxt klubu qazax qolkiperin çıxışından razı qalsa, yayda onunla yeni müqavilə imzalanacaq.
Stas Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib.
2024-cü ilin yanvarından “Tobol”da çıxış edən Pokatilov bu komandanın heyətində 33 oyuna çıxıb, 38 qol buraxıb, 15 matçda qapısını toxunulmaz saxlayıb.
2015-ci ilin mart ayından Qazaxıstan millisinin üzvü olan Pokatilov yığmada 28 oyun keçirib. O, bu görüşlərdə 54 qol buraxıb, 8 matçdan “quru” çıxıb.
Pokatilov “Tobol”la Qazaxıstan Super Kubokunu (2023/2024) qazanıb, “Kayrat”la Qazaxıstan çempionu (2019/2020) çempionu olub. Stasın ən çox qalibi olduğu turnir isə Qazaxıstan Kubokudur. O, Karaqanda “Şaxtyor”u ilə bir (2012/2013), “Kayrat”la üç dəfə (2016/2017, 2017/2018, 2020/2021) dəfə ölkə kubokuna sahib çıxıb.