İsrail Rusiya istehsalı olan silahları Ukraynaya çatdırmağı təklif edib.
"Cebheinfo.az" xəbər verir ki, bu məlumatı Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk İsrail xarici işlər nazirinin müavini Şarren Haskellə görüşündən sonra paylaşıb.
Korniyçuk bəyan edib ki, çatdırılması təklif olunan silahlar Livanda və ya digər yerlərdə İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən “İsrailin düşmənlərindən ələ keçirilib”.
Səfir bəyan edib ki, bu təklif İsrail və Ukraynanın üzləşdiyi ümumi təhlükələrin tanınması istiqamətində ciddi addımdır.
O, Ukrayna tərəfinin İsrailin bu məsələ ilə bağlı müsbət qərar verəcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, noyabrda “The Wall Street Journal” İsrail ordusunun Livanın cənubunda Hizbullahın əlində Rusiya istehsalı olan böyük silah anbarı tapdığını yazmışdı.
Mənbələrin bildirdiyinə görə, bu silahların bəziləri, xüsusilə Kornet tank əleyhinə raketləri son illərdə Suriyadan göndərilib.
Əvvəlcə İDF bu silahları məhv etməyi planlaşdırırdı, lakin İsrail hökuməti bu silahların əsas hissəsini ölkəyə daşımaq qərarına gəlib.