EN

Kreml rəsmiləri Trampla görüş üçün əldən-ayaqdan gedir- Trampdan hələ uyğun cavab yoxdur...

Image

Akif Nağı: "Avropa istəyir ki, Rusiya tutduğu ərazilərin heç olmasa bir qismindən geri çəkilsin - qalib durumda görünməsin"

Rusiya rəsmiləri, başda Putin olmaqla, Donald Trampın inauqurasiya çıxışından sonra Amerika ilə anaşacaqlarına ümidləniblər. Putin ozü bir yana qalsın, Avropadakı bəzi müttəfiqlərini də prosesə cəlb edib. 

Məsələn, Putinin dostu, Serbiya prezidenti Aleksandr Vuçiç deyib ki, biz Trampla Putinin görüşünə ev sahibliyi edə bilərik. Guya Tramp dərhal görüşə razı olub, qalmışdı görüşün yerini müəyyən etmək...

Çox güman ki, Tramp administrasiyası bu görüşü hələ bir neçə ay uzadacaq. Çünki Amerika tələsmir - "qan itirən" Rusiyadır.

Putin andiçmə mərasimindən dərhal sonra Trampı təbrik etdi. Amma hec seçkidə qalib gələndə Putin Trampı təbrik etməmişdi. Tramp isə səlahiyyətinin ilk günündə bəyan etdi ki, Putin atəşkəs razılaşmasına getməsə, Rusiya çox böyük problemlərlə üzləşəcək - o, Rusiynı dağıdacaq.

Kremlin xarici siyasət müşaviri, Putinin köməkçisi  Yuri Uşakov bildirib ki, Rusiya Ukrayna ilə bağlı ABŞ-la “ciddi dialoqa” hazırdır. O bildirib ki, lakin hələlik Tramp administrasiyasından Putinlə telefon danışığı və ya müzakirə üçün konkret rəsmi təkliflər almayıb.

Göründüyü kimi, Putin Trampla daha tez görüşməyə can atır. Düzdür, bunun açıq səbəbi də var, Rusiya cəbhədə hər gün 1 milyard dollar itirir. Onun dövlət büdcəsi isə cəmi 400 miyard dollar təşkil edir.  Bununla yanaşı, ölkə iqtisadiyyatı günbəgün batır. Bu baxımdan Putinin tələsməsini anlamaq olar.

Amma bu görüş Rusiyaya hansı dividendlər gətirə bilər? Atəşkəs sazişi hansı şərtlər daxilində imzalana bilər?

Baki-xeber.com saytının sualını cavablandıran siyasi şərhçi Akif Nağı bildirdi ki, əlbəttə, Putin Trampla münasibətləri yeni müstəviyə keçirməyə çalışır: "Ümid edirlər ki, Bayden dönəmindəki gərginlik aradan qaldırılacaq. Bu dövrdə Rusiya çox ciddi maddi problemlərlə üzləşib. Müharibəyə çəkilən gündəlik xərclər, nə qədər zəngin ölkə olsa da, Rusiya üçün ağır yükdür. Müharibə xərcləri hələ birbaşa zərərdir, amma dolayısı ilə Rusiya iqtisadiyyatı tamamilə dağılıb, xarici iqtisadi əlaqələr pozulub. Statistik olaraq göstərirlər ki, ÜDM artır, inkişaf var, amma infrastruktur dağılıb sıradan çıxır.

Rusiya neft-qaz satışından gəlirlər əldə edir, amma bu sahədə də ciddi çətinliklər var. Çünki Amerika və Avropanın təzyiqi ilə bütün ölkələr Rusiya ilə münasibətlərə məhdudiyyətlər qoyub. Ona görə də Putin can atır ki, tezliklə bu bataqlıqdan çıxsın.

Doğrudanmı Ukrayna ilə gözlənilən saziş Rusiyanın istəyinə uyğun olacaq? Qeyd edim ki, Amerikanın vitse-prezidentı Ceyms Devid Vensin bildirmişdi ki, Ukrayna ərazi güzəştləri ilə sülhə nail olmalıdır. O əlavə edib ki, Amerika sonsuz şəkildə Ukraynanın donor ölkəsinə çevrilə bilməz. “Amerika daima onların sifarişlərini yerinə yetirə bilməz”, deyə o, əlavə edib. Devid Vensinin vitse-prezident təyin edilməsini mən təsadüf  saymıram, onun ifadələri bəlkə də elə Vaşinqtonun dəqiq mövqeyidir. Rusiya da buna görə ümidlənib.

Yəqin ki, statis-kvo saxlanılmaqla atəşkəs müqaviləsi imzalanacaq. İşğal edilmiş Ükrayna əraziləri hələlik Rusiyanın nəzarətində qalacaq. Rusiyanın Kurskla bağlı narazılıqları ola bilər, o, Ukrayna qoşunlarının Kurskdan tam çıxarılmasını tələb edə bilər.

Putinə əsas ümid verən məqam odur ki, Tramp tezliklə müharibəni dayandıracağını bəyan edib. Bu indi Rusiyaya hava-su kimi lazımdır, Rusiya tükənir. Avropa ölkələri isə Trampın Rusiyaya qarşı yumşaq mövqe nümayiş etdirmədindən narazıdır. Amma Amerika da yaxasını kənara çəksə, Avropa Rusiyanın təhdidi altında qalır.

Rusiyanın qələbəsi Avropa üçün böyük təhlükədir. Avropa istəyir ki, Rusiya tutduğu ərazilərin heç olmasa bir qismindən geri çəkilsin - Moskva qalib durumda görünməsin.

Lakin hər şeyi Amerika həll edir, Avropa bu işdə söz sahibi deyil.

Eyni zamanda, Avropada da Ukrayna məsələsinə münasibətdə birlik hiss edilmir. Son günlər İtaliyanın baş nazir Corca Meloni bir ideya ilə çıxıs etdi ki, Avropanın mərkəzi Roma olmalıdır. Bu ondan irəli gəlir ki, Avropanın içində hikkə və iddialar var.

Hadisələrin gedişi onu göstərir ki, Amerika ilə Rusiya arasında münasibətlər normallaşacaq. Putinin komandasından nikbin proqnozların verilməsi boşuna deyil. Onlar Putinin siyasi mətbəxinin adamlarıdır.

Rusiyanın muttəfiqləri də artıq bu əhval-ruhiyəni hiss edirlər. Bütün bunlar ona işarədir ki, Amerika ilə Rusiya Ukrayna məsələsində razılığa gələcək. Bu razılaşmanı pozacaq bir güc ortada yoxdur. Məsələn, bu razılaşmanı Çin poza bilər, o isə hələ də bu məsələdə müsahidəçi qismində iştirak edir. Avropa buna qadir deyil, Trampın qərarları qarşısında aciz durumdadırlar.

Məsələn, Tramp COP-dan dərhal imtina etdi, Baydenin imzaladığı bütün sənədləri inkar edir, bütün bunlar hamısı Avropanın əleyhinədir. Avropanın əsas dövlətləri olan Almaniya və Fransanın elə bir gücü yoxdur ki, Trampın qərarlarına təsir edə bilsin.

Yekun olaraq qeyd edək ki, Rusiya ilə ABS arasında munasibətlər istiləşəcək və onlar bir çox məsələləri öz aralarında razılaşacaqlar. Azərbaycan da bu amili nəzərə almalıdır və alır da...

Bilirsiniz ki, Bayden administrasiyası da Azərbaycana qarşı sərt mövqedə idi. Düzdür, ermənilər də çox çalışır ki, Tramp komandasının bəzi üzvlərinə dəstək verməklə onların rəğbətini qazansınlar, amma bununla onlar çətin ki, nəyəsə nail ola bilsinlar. Çünki onlar seçki kampaniyasında Trampa qarşı açıq təbliğat aparırdı. Tramp da yəqin ki, bunu unutmayıb. Ona gorə də Tramp Bayden xəttini ermənilərin istədiyi səviyyədə davam etdirməyəcək.

Azərbaycanın da Amerika ilə bağlı kifayət qədər şansları var. Amerika-Azərbaycan münasibətləri Amerika-Rusiya və Amerika-Türkiyə münasibətləri fonunda istiləşə və rəsmi Bakı bundan öz faydalarını göturə bilər".

Dəniz NƏSİRLİ





Chosen
18
50
baki-xeber.com

10Sources