Belçikanın “Antverpen” klubunun isveçli sol vingeri Yakob Ondreyka bundan sonra “Parma”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
A Seriyası təmsilçisi bu transfer üçün 7 milyon avrosundan keçib. 22 yaşlı isveçli futbolçu yeni klubu ilə 2029-cu ilin 30 iyununadək anlaşıb.
Yakob Ondreyka İsveçin “Landskrona” klubunun yetirməsidir. O, ölkəsində “Elfsborq”un da şərəfini qoruyub. 2023-cü ilin iyulunda 1,5 milyon avro müqabilində “Antverpen”ə keçmiş gənc futbolçu Belçika klubunun əsas komandasında 55 oyuna çıxıb, 12 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.
Ondreyka 2023/2024 mövsümündə “Antverpen”lə Belçika Super Kubokunun qalibi olub.
İsveçin U-19 və U-21 yığmalarında da oynamış vinger 2023-cü ilin yanvarında İsveç millisində debüt edib. O, debüt matçında qol vurmasına baxmayaraq, sonradan millidə oyun şansı qazanmayıb.
“Parma” Yakob Ondreykadan əlavə bosniyalı hücumçu Milan Dyuriçi də heyətinə qatıb. A Seriyasının digər təmsilçisi “Montsa”dan transfer edilmiş 34 yaşlı futbolçunun keçidi 1,5 milyon avroya başa gəlib. Təcrübəli futbolçu yeni klubu ilə 2026-ci ilin 30 iyununadək anlaşıb.
Milan Dyuriç peşəkar karyerasına İtaliyanın “Çezena” klubunda başlayıb. O, bu ölkədə “Askoli”, “Krotone”, “Kremoneze”, “Trapani”, “Çittadella”, “Salernitana”, “Verona” kimi klublarda da oynayıb. Dyuriç 2010-2012-ci illər aralığında da “Parma”da çıxış edib. Bir müddət İngiltərədə “Bristol Siti”nin uğurları üçün çalışmış hücumçu 2024-cü ilin yanvarından “Montsa”da idi. Təcrübəli forvard bu klubda 35 oyuna 8 qol vurub, 3 məhsuldar ötürmə verib.
Dyuriç 2015-ci ilin mart ayında debüt etdiyi Bosniya və Herseqovina yığmasında 15 oyun keçirib, 7 qol və 1 assistlik nəticə göstərib.