Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda ''Beşiktaş'' İspaniyanın iddialı klublarından olan ''Atletik''i qəbul etdi.
''Football-plus.az'' xəbər verir ki, bu, Ole Qunnar Sulşerin İstanbul nəhənginin baş məşqçisi qismində debüt oyunu idi. ''Atletik''in ilk 6 turda uduzmadığını, ən az (2) qol buraxan komanda olduğunu və son turda səfərdə ''Fənərbaxça''nı 2 cavabsız qolla yendiyini nəzərə alsaq, norveçli mütəxəssisin debütü nağıllardakı kimi alındı. İstanbul nəhəngi Raşitsa ilə erkən qol vursa da, fasiləyə üstün yollanmaq mümkün olmadı.
Unay Qomes fasilə ərəfəsində bərabərlik qolunu vurdu. Amma ''Beşiktaş'' ikinci hissədə güclü rəqibini meydandan silib-süpürdü! Raşitsa bir saatın tamamında dublunu rəsmiləşdirdi. İlk iki qolda aktivinə məhsuldar ötürmə yazan və meydanda ən yaxşılardan olan portuqaliyalı Rafa Silva 77-ci dəqiqədə komandasının 3-cü qolunu vurdu. Bu da son olmadı. Son anlarda Semih Kılıçsoya qarşı kobduluqdan sonra VAR-ın müdaxiləsi ilə qazanılan penaltini digər portuqaliyalı ulduz Joao Mario qola çevirərək hesabı darmadağın həddinə çatdırdı. Təcrübəli futbolçu ''Beşiktaş''ın heyətində 16-cı rəsmi oyununda qol hesabını açmış oldu.
İstanbul nəhəngi əsas mərhələnin ilk 6 oyununun yalnız 1-də 1-dən artıq qol vurmuşdu. Söhbət ''Malmö'' üzərində qazanılan 2:1-lik qələbədən gedir. Bu dəfə isə komanda turnirin ən az qol buraxan kollektivinə 4 qol vurdu! ''Beşiktaş'' bu qələbə ilə xalını 9-a yüksəldərək turnir cədvəlindəki mövqeyini bir xeyli yaxşılaşdırdı. İndi komandanın taleyi öz əlindədi.
Son turda səfərdə ''Tvente'' üzərində qazanılacaq qələbə ''ağ-qaralar''ı digər oyunların nəticələrindən asılı olmayaraq pley-offa daşıyacaq.
ƏLİ