EN

Rusiya 800 min əsgər itirib- Tramp şok rəqəm açıqladı...

Image

Arzuxan Əlizadə: "...Putin müharibəni dayandırmağa və tərəflər arasında hansısa saziş imzalamağa razılıq verəcək"

ABŞ prezidenti Donald Tramp 2022-ci ilin fevralından bəri davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı Rusiya prezidenti Putinə hədələyici xəbərdarlıq edib.

Tramp Putini münaqişəyə son qoymaq üçün kompromis əldə etməyə çağırıb. Əks halda o, Rusiyaya qarşı sərt sanksiyalar və yüksək tariflər tətbiq edəcəyi ilə hədələyib.

Tramp qeyd edib ki, Rusiya müharibədə 800 minə yaxın, Ukrayna isə 600-700 min əsgər itirib, bu rəqəmlər ictimaiyyətə açıq şəkildə paylaşılmalıdır. İki ölkənin ümumilikdə 1 milyon 500 minə yaxın əsgər itirdiyini bildirən Tramp Ukraynaya silah göndərilməsinin davam edib-etməyəcəyi ilə də maraqlandığını deyib.

Donald Trampın Rusiya-Ukrayna müharibəsindəki itkilərlə bağlı açıqladığı rəqəmlər doğrudanmı həqiqəti əks etdirir?

Baki-xeber.com saytının sualına cavabinda siyasi şərhçi Arzuxan Əlizadə bildirdi ki, Tramp hələ seçki təbliğatı dönəmində hakimiyyətə gələcəyi təqdirdə Rusiya-Ukrayna məsələsini bir neçə gün ərzində dayandıracağını vəd edirdi: "Seçkilərdən sonra isə Tramp bu müharibəni təxminən altı ay ərzində dayandırmağın mümkün ola biləcəyi ilə bağli mövqe bildirib. Tramp eyni zamanda xüsusi olaraq qeyd edir ki, əgər hakimiyyətdə olsaydı, ümumiyyətlə bu müharibə başlamazdı. Eyni zamanda, o, yalnız Rusiyanı deyil, həm də Ukrayna tərəfini, xüsusilə Zelenskini müharibənin qarşısını almanaqda suçlayır. Deyir ki, Zelenski heç də günahsız mələk deyil, o, Rusiya ilə danışıqlara gedərək, zamanında müharibənin qarşısını ala bilərdi.

Bununla yanaşı, Tramp fikirlərini əsaslandırmaq üçün deyir ki, bu üç ilə yaxın dövrdə çox böyük itkilər olub - infrastruktur tamamilə darmadağın olub, 20 mərtəbəli binaların belə bir anda çökdüyünü gördük. O, əvvəl Rusiyanın 1 milyon əsgər itirdiyini, sonra isə düzəliş edərək bu rəqəmin 800 min olduğunu deyib. Tarmp hər iki tərəfdən 1,5 milyondan artıq əsgər itkisinin olduğunu rəsmən ictimailəşdirib. Hesab edirəm ki, bunlar həqiqəti əks etdirən rəqəmlərdir. Bu rəqəmlər əslində müharibə aparan tərəflərə və onların müttəfiqlərinə məlum idi. Amma açıqlamırdılar, çünki müharibəni dayandırmaq barədə ortada düşüncə yox idi. Tramp isə bu ideyanı ortaya qoyaraq və fikrini əsaslandırmaq məqsədi ilə itkilərin həcmini ictimailəşdirdi ki, cəmiyyətdən dəstək alsın.

İtkilər yalnız əsgər ölümlari ilə məhdudlaşmır. Ukraynanın genefonduna ciddi zərbə dəyib. Milyonlarla Ukrayna əhalisi mühacir həyatı yaşamaqdadır. Əsasən də qadınlar və uşaqlar, bəzi hallarda isə bütöv ailələr Ukraynani tərk edib. Onlar əsasən Avropa ölkələrinə, Amerikaya və digər ölkələrə mühacirət ediblər ki, bu da müharibə dayanacağı təqdirdə belə Ukraynanın genofondunda problemlərin yaranacağını gündəmə gətirir.

İstənilən halda, Tramp müharibənin dayandırılması üçün addımlar atacağını bəyan edib.

Tramp çox qısa muddət ərzində Putinlə görüşmək istədiyini açıq şəkildə ifadə edib. O deyib ki, Putin müharibəni dayandırmağa və tərəflər arasında hansısa saziş imzalamağa razılıq verəcək. Tramp qeyd edir ki, Putin sazişə razılaşmasa, bizim sanksiyaları sərtləşdirməkdən başqa çıxış yolumuz qalmır. Bunu Trampın Putinə bir təhdid mesajı kimi də qəbul etmək olar".

Bütün bunlarla yanaşı, Trampın əlində neft və qaz bazarına süni müdaxilələr etmək, ərəb ölkələrindən və Amerikadan Avropaya neft-qaz ixracını artırmaq yolu ilə dünya bazarında neftin qiymətini 40 dollara qədər endirməklə Rusiyanı bu sahədə mənfəətdən məhrum etmək imkanları var. Bu halda Rusiya bir ay belə davam gətirə bilməz.

Artıq Donald Tramp bununla bağlı bəyanat da verib: "Mən gülünc və inanılmaz dərəcədə israfçı "Yaşıl yeni kurs"u ləğv etdim – mən onu "Yaşıl yeni fırıldaq" adlandırıram. Birtərəfli Paris İqlim sazişindən çıxdıq və ağılasığmaz, bahalı elektromobil mandatını ləğv etdik. İnsanların istədikləri maşınları almasına icazə verəcəyik. Milli enerjimizdə fövqəladə vəziyyət elan etdim — bu çox vacibdir – milli enerjimizdə fövqəladə vəziyyəti, ayaqlarımızın altındakı maye qızılın kilidini açmaq və yeni enerji infrastrukturunun sürətlə qurulmasına yol açdıq.  Birləşmiş Ştatlar yer üzündəki bütün ölkələrdən daha çox neft və qaz ehtiyatlarına malikdir və biz onlardan istifadə edəcəyik. Bu, demək olar ki, bütün mal və xidmətlərin dəyərini azaltmaqla yanaşı, ABŞ-ı istehsal supergücünə və dünyanın süni intellekt və kriptovalyuta paytaxtına çevirəcək.  SoftBank seçkilərin nəticələri ilə əlaqədar ABŞ iqtisadiyyatına 100-200 milyard dollar arasında investisiya qoyuluşu elan edib. Cəmi iki gün əvvəl Oracle, SoftBank və Openaı 500 milyard dollarlıq süni intellekt infrastrukturuna investisiya qoymağı elan etdilər. Digər şirkətlər də eyni şəkildə Amerikaya milyardlarla, trilyonlarla investisiyalar etməyi elan etdilər.  Bu gün qəzetlərdə Səudiyyə Ərəbistanının Amerikaya ən azı 600 milyard dollar sərmayə yatırdığı barədə məlumat yayılıb. Ancaq vəliəhddən xahiş edəcəyəm — bu məbləği təxminən bir trilyon dollara qədər artırsınn. Düşünürəm ki, onlar bunu edəcəklər, çünki biz onlara qarşı çox mehriban olmuşuq.  Mən həmçinin Səudiyyə Ərəbistanı və OPEC-dən neftin qiymətini azaltmağı xahiş edəcəyəm. Düzünü desəm, seçkidən əvvəl bunu etmədiklərinə təəccüblənirəm. Bu, onların tərəfindən çox xoş deyil. Qiymət aşağı düşsəydi, Rusiya ilə Ukrayna arasındakı münaqişə dərhal sona çatacaqdı. Hazırda bu münaqişənin davam etməsi üçün qiymət kifayət qədər yüksəkdir. Neftin qiymətini aşağı salmaq lazımdır. Bununla münaqişəyə son qoya bilərsiniz".

Akif NƏSİRLİ





Chosen
24
50
baki-xeber.com

10Sources