Şotlandiyanın “Seltik” klubunun yaponiyalı hücumçusu Kyoqo Furuhasi bundan sonra “Renn”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Liqa 1 təmsilçisi bu transferi 12 milyon avroya rəsmiləşdirib. 30 yaşlı futbolçu ilə müqavilə 2027-ci ilin 30 iyununadək nəzərdə tutulub.
Kyoqo Furuhasi daha öncə Yaponiyada “Qifu” və “Vissel Kobe” kimi klubların şərəfini qoruyub. “Seltik” onu 2021-ci ilin iyulunda “Vissel Kobe”dən 4,5 milyon avroya transfer etmişdi. 30 yaşlı forvard Şotlandiya klubunun heyətində meydana çıxdığı 165 oyunda 85 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub.
Furuhasi 2019-cu ilin noyabrında debüt etdiyi Yaponiya yığmasının heyətində 22 oyuna 5 qol vurub, 2 assist verib.
“Renn”in portuqaliyalı sol vingeri Jota da “Seltik”ə keçib. Fransa klubu 25 yaşlı futbolçusunu 10 milyon avroya satıb. Jota yeni klubu ilə 2030-cu ilin 30 iyununadək anlaşıb.
“Benfika”nın yetirməsi olan Jota bu klubda olarkən “Valyadolid” və “Seltik”də icarədə çıxış edib. 2022-ci ildə “Seltik” Jotanın transfer hüquqlarını da alıb, amma daha sonra onu 29,1 milyon avroya “Əl-İttihad”a satıb. Portuqaliyalı vinger “Renn”ə 2024-cü ilin avqustunda 8 milyon avro müqabilində “Əl-İttihad”dan keçmişdi. O, Liqa 1 təmsilçisinin heyətində cəmi 10 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb.
“Renn”in yarımmüdafiəçisi Albert Qrönbek isə icarə əsasında İngiltərənin “Sauthempton” klubuna keçib. 23 yaşlı danimarkalı futbolçu cari mövsümün sonunadək icarədə olacaq.
Albert Qrönbek “Orhus”un yetirməsidir. “Bodo Qlimt”də də oynamış yarımmüdafiəçi “Renn”ə 2024-cü ilin iyul ayında 15 milyon avro müqabilində keçmişdi. O, Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 18 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Qrönbek 2024-cü ilin sentyabr ayında debüt etdiyi Danimarka yığmasında 6 oyuna çıxıb, 1 qol vurub.
Santamariya “Nitsa”ya keçdi, İlieşlə Balde ayrıldılar
“Renn”in digər futbolçusu Baptiste Santamariya isə “Nitsa”ya icarəyə verilib. 29 yaşlı fransalı mərkəz yarımmüdafiəçisi “Nitsa” tərəfindən cari mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüb.
Baptiste Santamariya peşəkar karyerasına “Tur”da başlayıb. “Anje”, “Frayburq” kimi klublarda da çıxış etmiş yarımmüdafiəçi 2021-ci ildən şərəfini qoruduğu “Renn”in heyətində 127 oyuna çıxıb, 4 qol, 6 assist müəllifi olub.
Santamariyanı heyətinə qatmış “Nitsa”da da iki ayrılıq yaşanıb. Liqa 1 təmsilçisi Rarer İlieşi “Katanzaro”ya, Aliu Balde isə “Lozanna”ya icarəyə verilib. Onların da icarə müddəti bu mövsümün sonunadək nəzərdə tutulub.