EN

Durğun “Qarabağ”, narazı Qurbanov, gərginləşən APL

Dünən Azərbaycan Premyer Liqasının cari mövsümünün ən yaddaqalan görüşlərindən biri baş tutdu.

Matçboyu həm hesabı, həm də oyunu nəzarətdə saxlayan “Qarabağ” son dəqiqələrdə buraxdığı qollarla “Turan Tovuz”a məğlub oldu.

Kurban Berdiyevin rolu

Türkmənistanlı mütəxəssis bu mövsüm üçüncü dəfə qarşılaşdığı Qurban Qurbanovun komandasına məğlub olmayaraq, “onsuz da “Qarabağ” çempiondur” – düşüncəsinin sürətini azaltdı. Əvvəlki turda Tovuzda, doğma azarkeşlərinin önündə “Kəpəz”ə 2:5 hesabıyla darmadağın olan kollektivin qısa müddətdə toparlanaraq, ölkə flaqmanına belə dirəniş göstərməsi düzgün təhlillər aparıldığını göstərir.

Berdıveyin rəhbərliyindəki “Turan Tovuz” stabil oyun tərzinə baxmayaraq, bəlkə də cari mövsümdə ölkə çempionatına ən çox rəng qatan komandadır. Bu həm komandanın çıxışında, həm də azarkeşlərinin tribunları doldurmasında özünü göstərir. Autsayderə uduzub, lideri məğlub edərək, ortadakı balansı pozmaq, APL-in daha gərgin keçməsinə şərait yaradır. Görünən odur ki, 71 yaşlı çalışdırıcı “Qarabağ”ın oyun tərzinin açarını tapıb.

“Qarabağ”ın durğunluğu

İllərdir, ölkə futboluna dominantlıq edən “atlılar” hazırda durğunluq dönəmindədir. FCSB-ə (2:3) məğlub olaraq Avropa Liqasına vida etmənin də psixoloji təsiri var. Lakin “Turan Tovuz”la qarşılaşmada psixoloji gərginlikdən əlavə heyətin yorğunluğu daha çox gözə batırdı. Bu da normaldır. Yorğunluğa baxmayaraq, 90 dəqiqə ərzində meydanda dominantlığı qoruyub saxlamaq böyük əzmkarlıqdır.

Ağdam təmsilçisinə özünü toparlaması üçün zaman lazımdır. Qurbanovun yetirmələri bu məğlubiyyətlə, çempionluq mübarizəsindəki yarışın asan olmayacağını bir daha yaxşı başa düşdü. Məşqçilər heyəti isə hazırki dezavantaji avantaja çevirərək, kollektivi növbəti oyunlara daha motivasiyalı şəkildə çıxaramağın yollarını axtaracaq.

Qurban Qurbanovun narazılığı

İlk dəfəydi ki, təcrübəli mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında soyuqqanlılığını qoruya bilmədi. Hakim idarəçiliyi barədə şərh verməyi sevməyən Qurbanov bu sükutunu XX turda pozdu. 52 yaşlı çalışdırıcı əsasən də “bozqurdlar”ın vurduğu ilk qolda Şahruddin Məhəmmədəliyevin qapıçı toxunulmazlığını dəlil gətirərək, epizodun düzgün qiymətləndirilmədiyinə görə narazılıq etdi.

“CBC Sport”un yayımına baxdıqda, Faiq Hacıyevin qolkiperə maneə törətdiyi görünür. Ancaq həm matçın baş hakimi Cavid Cəlilov, həm də VAR hakimi Əliyar Ağayev qolun qaydalar çərçivəsində vurulduğu qənaətinə gəldi. Həmçinin bu gün AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker məsələyə rəy bildirərkən, qolun qaydalar çərçivəsində olduğunu bildirdi.

Nəticə olaraq “Turan Tovuz” səfər görüşündə 3 xalı qazanıb, çempionatın ilk sıralarından uzaq düşməyərək, 3 oyunluq qələbəsizlik seriyasına son qoydu.

“Qarabağ” isə cari mövsümdə eyni komandadan ikinci məğlubiyyəti almasına baxmayaraq, ən yaxın izləyicisi “Araz-Naxçıvan”la arasında 8 xal fərq var.

Mirkamal Kazım

Chosen
17
31
futbolpress.az

10Sources