EN

"Bu yaş dövrləri uşaqların həyatında xüsusi əhəmiyyət daşıyır"- Psixoloqdan açıqlama

Uşaqların inkişafında müəyyən dövrlər vardır ki, bu mərhələlər həm uşaqlar, həm də valideynlər üçün xüsusi əhəmiyyət daşıyır. Bu dövrlərdən biri də 4-5 yaş sindromu adlanan mərhələdir. Bu yaş dövrü uşaqların yalnız fiziki deyil, eyni zamanda zehni, emosional və sosial inkişaflarının sürətləndiyi bir mərhələdir. Valideynlər bu yaşda uşaqların keçirdiyi dəyişiklikləri anlamalı, onların davranışlarını düzgün yönləndirməli və bu dövrün çətinlikləri ilə başa çıxmaq üçün səbirli olmalıdırlar. 4-5 yaş dövründəki uşaqlar artıq uşaqlıqdan çıxıb fərdiyyətə keçid dövrünə qədəm qoyurlar.

Mövzu ilə bağlı psixoloq Ülkər Məhərrəmova News365.az-a fikirlərini bildirib. 


"4-5 yaş dövrü uşaqlar üçün çox əhəmiyyətli bir mərhələdir, çünki bu yaş dövrü uşaqlıqdan çıxıb fərd kimi inkişaf etməyə başladıqları bir mərhələ hesab olunur. Bildiyimiz kimi, 2 yaş və 5 yaş dövrləri uşaqların həyatında xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən valideynlər bu mərhələlərdə daha diqqətli və səbirlə yanaşmalıdırlar.

4-5 yaş dövründə uşaqlar daha çox suallar verir, daha çox söhbət etmək istəyir və ətraf mühiti daha dərindən kəşf etməyə çalışırlar. Onların ünsiyyət bacarıqları, zehni inkişafı, fiziki qabiliyyətləri, sosiallaşması və motorikası bu mərhələdə sürətlə inkişaf edir. 4 yaş sindromu adlanan bu dövr təxminən 4 yaşında başlayır və 5 yaş yarımında sona çatır.

Bu yaş həm də uşaqlarda hormonal dəyişikliklərin baş verdiyi bir mərhələdir. Məsələn, qızlar bu dövrdə atalarını özlərinin “yoldaşı” kimi görməyə meyilli olur, analarının makiyaj əşyalarını istifadə edir, analarının şərflərini və ya ayaqqabılarını geyinirlər. Oğlan uşaqları isə atalarını təqlid edir, onların oturduğu yerlərdə oturmağa, onların davranışlarını yamsılamağa çalışırlar.

Bu mərhələdə uşaqların davranışlarında aqressiya, səbirsizlik, duyğu partlamaları, bəzən isə sevgi və müsbət enerji müşahidə olunur. Onlar artıq böyükləri təqlid edərək davranış öyrənməyə çalışırlar. Beləliklə, onların ünsiyyət bacarıqlarında və davranışlarında dəyişikliklər baş verə bilər.

Psixoloq bu dövlərlərdə valideynlərin nə etməli olduğuna aydınlıq gətirib:

"Valideynlər bu dövrdə uşaqlara fərd kimi yanaşmalı, onların suallarına mütləq cavab verməlidirlər. Uşaqlar aqressiv və ya yanlış davranışlar sərgilədikdə, onlara qadağalar qoymaq əvəzinə, sevgiylə diqqətlərini yayındırmaq daha məqsədəuyğundur. Çünki qadağalar bəzən uşaqların həmin davranışları daha da artırmasına səbəb ola bilər.

Bu mərhələdə valideynlər və tərbiyəçilər mütləq səbirli olmalı, uşaqlara sevgi göstərməli və onları doğru davranışlara istiqamətləndirməlidirlər. Uşaqların aqressiv hərəkətlərini müsbət bacarıqlara çevirmək üçün onlara dəstək olmaq vacibdir. Sevgi dolu bir mühitdə böyüyən uşaqlar daha pozitiv davranışlar sərgiləyir və gələcəkdə sağlam bir şəxsiyyət formalaşdırırlar.

Unutmayaq ki, uşaqların dünyasında sevgi əsas rolu oynayır. Onlar valideynlərini müşahidə edərək və təqlid edərək davranış öyrənirlər. Bu səbəbdən valideynlər doğru davranış sərgiləməli, uşaqlarına sevgi və anlayışla yanaşmalıdırlar. Bu şəkildə 4-5 yaş sindromunun çətinlikləri daha asan aradan qaldırıla bilər və uşaqların gələcəkdə sağlam xarakter formalaşdırmasına zəmin yaradılar."

Chosen
29
18
news365.az

10Sources