EN

Şagirdlərin bilikləri hansı üsulla qiymətləndirilməlidir? - "Summativlərdə ciddi çatışmazlıq var"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hər tədris ilinin sonunda Böyük Summativ Qiymətləndirmə (BSQ) və Kiçik Summativ Qiymətləndirmə (KSQ) məsələsi müzakirə edilir.
Müəllimlər bu müzakirələr zamanı öz etirazlarını bildirirlər. Onların fikrincə, BSQ və KSQ düzgün qiymətləndirmə metodu deyil. Çünki tədris ili boyunca zəif nəticə göstərən hər hansı şagird BSQ və KSQ zamanı sinif yoldaşından köçürmə yolu ilə daha yüksək qiymət alır. Nəticə etibarilə onun bilik və bacarıqları doğru qiymətləndirilməmiş olur.
Maraqlıdır, bəs görəsən, şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi hansı üsulla aparılsa, daha yaxşı olar?
Bu barədə Oxu.Az-ın suallarını cavablandıran təhsil məsələləri üzrə mütəxəssis Adil Vəliyev bildirib ki, təhsil sahəsində inkişaf etmiş ölkələrin qiymətləndirmə metodları fərqlidir:
"Əslində, BSQ və KSQ-lər barəsində müəllimlərin söylədikləri doğrudur. Bu, düzgün qiymətləndirmə metodu deyil. Biz təhsil sahəsində inkişaf etmiş ölkələrin praktikasına baxanda görürük ki, onların qiymətləndirmə metodları fərqlidir. Məsələn, formativ, portfolio, layihə əsaslı qiymətləndirmə metodlarından istifadə edilərək şagirdlərin bilik və bacarıqları qiymətləndirilir. Bu metodlar ölkələrə və onların təhsil sistemlərinə görə dəyişir. Bəzilərində şagirdlərə müəyyən layihə təqdim olunur, onlar fərdi və ya qruplar şəkilində bunu hazırlayırlar, müəllimlər də buna əsasən qiymətləndirmə həyata keçirir. Portfolio qiymətləndirilməsində şagirdlərin tədris ili boyunca həm dərsdəki davamiyyəti, nizam-intizamı, həm də ki, dərsdəki aktivliyi nəzərə alınır və bu nəticələr imtahan göstəricilərinə təsir edir. Bu cür qiymətləndirmə metodu şagirdlərin təhsil fəaliyyətinin və marağının artmasına səbəb olur. Bunlarla yanaşı özünü qiymətləndirmə metodu da var. Lakin bizim hazırkı təhsilimiz bu metodun tədbiqinə hazır deyil. Qeyd etdiyim digər iki metodun tətbiqi ilə biz təhsil sahəsində daha yaxşı nəticə əldə edə bilərik".
Təhsil eksperti Elçin Murad qeyd edib ki, BSQ və KSQ-lər qeyri-şəffaf keçirildiyi üçün bu modeldə dəyişiklik edilməlidir:
"Yəni əvvəlki imtahanlarda olduğu kimi, şifahi sorğu-sual əsasında qiymətləndirilmə aparmalıdır. Yox, əgər test üsulu ilə qiymətləndirilmə aparılmaqda davam ediləcəksə, imtahan sualları müəllimlərin öhdəliyinə buraxılmalıdır, son ana qədər şagirdlər bu sualların varlığından xəbərdar olmamalıdır. Mən bir neçə dəfə təsadüf etmişəm ki, şagird sabah yazacağı sualları və ya bənzərini artıq əldə etmiş olur. Halbuki bunu müəllim özü imtahana qədər bildirməməlidir, imtahan zamanı mümkün mərtəbə şagirdlər ayrı partalarda oturulmalıdırlar. Bu da mümkün deyilsə, suallar variant tipli edilib, köçürmənin qarşısı minimuma endirilməlidir. İmtahana telefon keçirilməsinə qətiyyən icazə verilməməlidir, sinfə nəzarəti tam şəkildə ələ alıb imtahanın şəffaf keçməsinə şərait yaradılmalıdır. Sadaladığım bu işləri müəllimə həvalə edib, maaşına müəyyən əlavələr edərək onun marağına səbəb olmaq lazımdır. Ya da bununla yanaşı, məktəbdə imtahan zamanı bu işi həyata keçirə biləcək məsuliyyətli şəxslər cəlb edilməlidir. Dövlət İmtahan Mərkəzi (DİM) yüzminlərlə abituriyentə hər il imtahan keçirir və maksimum dərəcədə köçürmənin qarşını almağa çalışır, demək olar ki, bunu da bacarır. Ona görə də bir sinifdə 20-30 uşağı idarə etmək, şəffaflıq yaratmaq o qədər də çətin olmamalıdır".
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov vurğulayıb ki, təhsil sahəsində aparılan islahatlar fonunda yaranan etiraz və narazılıqlar barəsində edilən araşdırmalardan, müzakirələrdən sonra onun effektiv və effektsiz olduğu qənaətinə gəlmək olar:
"Bu gün təhsil sahəsində aparılan islahatların əsas məqsəd və hədəfi keyfiyyətin, məzmunun artırılmasıdır. İslahatların fonunda insanlar müxtəlif narazılıqlarını bildirirlər. Elm və Təhsil Nazirliyi də bu islahatların zəruriliyini əsaslandırmaq üçün öz arqumentlərini irəli sürür. Əsas məqsəd şagirdlərin bilik və bacarıqlarının artırılması, onların inkişafına töhfə verilməsidir. Bütün ölkələrdə təhsil sahəsində müxtəlif məsələlərdə yaranan etirazlar araşdırıldıqdan sonra onun nəticələri müzakirə edilir. Hazırkı situasiyada yaranan narazılıqlar əsaslı da ola bilər, əsassız da. Yəni subyektiv amilə söykənmiş bir etiraz ola bilər. Bu gün şagirdlər də dərslərin daha asan olmasını, təhsil pilləsində daha rahat irəliləməyi istəyirlər. Təhsil sahəsində aparılan islahatların nəticələrinə bir daha baxılmalıdır. Atılan addımlar, görülən işlər effektivdirsə, davam edilməli, effektiv deyilsə, buna yenidən baxılmalı və qiymətləndirmə həyata keçirilməlidir".
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov hesab edir ki, şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi təhsil sisteminin ən mühüm funksiyalarından biridir:
"BSQ və KSQ-lər, təhsil sistemində qiymətləndirmənin ən çox istifadə olunan formalarından biri kimi şagirdlərin bilik səviyyəsini qiymətləndirmək üçün nəzərdə tutulsa da, bu mexanizmlərdə ciddi çatışmazlıqlar var. Birincisi, bu yanaşma əsasən summativ xarakter daşıyır və şagirdlərin yalnız müəyyən bir vaxt ərzində əldə etdiyi nəticələri əks etdirir. Halbuki tədris prosesinin əsas məqsədi şagirdlərin davamlı inkişafını təmin etməkdir. Bu problemlər, xüsusilə, müəllimlərin müşahidələrində və statistikalarda öz əksini tapır.
Azərbaycanın təhsil qanunvericiliyinə, "Təhsil haqqında" Qanunun 5-ci maddəsinə əsasən, təhsilin məqsədi şagirdlərin intellektual, mənəvi və praktiki inkişafını təmin etməkdir. Lakin BSQ və KSQ sistemləri bu məqsədi tam şəkildə əhatə edə bilmir. Məsələn, statistika göstərir ki, son beş ildə BSQ və KSQ nəticələrinin ümumi şagird qiymətlərinə təsiri 70%-dən çoxdur. Bu isə o deməkdir ki, şagirdlərin digər fəaliyyətləri, məsələn, dərs zamanı iştirak və formativ qiymətləndirmə, qiymətləndirmə prosesində kifayət qədər nəzərə alınmır. Belə bir vəziyyət yalnız nəticəyə yönəlmiş qiymətləndirmə mədəniyyətini təşviq edir və təhsil prosesinin əsl mahiyyətini ikinci plana keçirir.
Müəllimlərin iradlarına əsasən, BSQ və KSQ-lərdə qeyri-obyektivlik hallarının baş verməsi problemlərin kökündə dayanır. Köçürmə hallarının qarşısının alınmaması, qiymətləndirmə zamanı texniki nəzarətin zəifliyi və bəzi hallarda valideyn təzyiqləri nəticələrin obyektivliyini azaldır. Bu hallar, yalnız sistemin effektivliyinə deyil, həm də təhsil müəssisələrinə olan ictimai etibara mənfi təsir göstərir".
Ekspert bildirib ki, bu problemlərin həlli üçün daha obyektiv və çoxşaxəli qiymətləndirmə metodlarına ehtiyac var:
"Formativ qiymətləndirmə burada əsas çıxış yolu kimi qəbul edilə bilər. Formativ qiymətləndirmə davamlı müşahidələr, dərs içi tapşırıqlar, qrup işləri və şagirdin il ərzindəki inkişafını qiymətləndirən yanaşmadır. Bu yanaşma yalnız nəticəyə deyil, həm də prosesə diqqət yetirir. Məsələn, inkişaf etmiş təhsil sistemlərində, xüsusilə Finlandiyada, qiymətləndirmə əsasən formativ metodlara əsaslanır və bu, şagirdlərin daha çox öyrənməyə yönəlməsini təmin edir.
Layihə əsaslı yanaşma da şagirdlərin bilik və bacarıqlarını daha dəqiq qiymətləndirmək üçün effektiv mexanizmdir. Bu metodda şagirdlərə real həyat problemlərini həll etməyi əhatə edən layihələr tapşırılır. Nəticə etibarilə, onların yalnız nəzəri bilikləri deyil, həm də praktiki bacarıqları və tənqidi düşünmə qabiliyyətləri qiymətləndirilir. Sinqapur təhsil sistemində layihə əsaslı qiymətləndirmə geniş şəkildə tətbiq olunur və bu, ölkənin beynəlxalq təhsil reytinqlərində yüksək mövqedə olmasına şərait yaradır.
Texnologiyanın qiymətləndirmə prosesinə inteqrasiyası da mühüm bir yanaşmadır. Rəqəmsal platformalar vasitəsilə şagirdlərin davamlı olaraq qiymətləndirilməsi və nəticələrin şəffaf bir şəkildə qeydə alınması daha obyektiv və dəqiq nəticələr əldə etməyə imkan verir. Məsələn, ABŞ-də istifadə edilən onlayn qiymətləndirmə platformaları yalnız şagirdlərin nəticələrini qeyd etmir, həm də onların inkişafını izləməyə imkan yaradır".
Onun sözlərinə görə, BSQ və KSQ-lərin müsbət tərəflərindən biri də odur ki, bu qiymətləndirmələr müəyyən bir standart yaratmaqla şagirdlərin bilik səviyyəsini müəyyən etmək üçün baza təşkil edir:
"Bu sistemin tətbiqi müəllimlər üçün müəyyən bir ölçü meyarı yaradır və qiymətləndirmənin vahid qaydalar əsasında həyata keçirilməsini təmin edir. Lakin bu sistemin səmərəliliyi, yalnız digər qiymətləndirmə metodları ilə birgə tətbiq edildikdə artır.
Ümumiyyətlə, BSQ və KSQ-lər şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün kifayət etməyən, lakin müəyyən üstünlükləri olan bir sistemdir. Bu sistemin çatışmazlıqlarını aradan qaldırmaq üçün formativ qiymətləndirmə, layihə əsaslı metodlar, texnologiya inteqrasiyası və portfoliolara əsaslanan yanaşmalar kimi daha inkişaf etmiş və obyektiv metodların tətbiqi vacibdir. Belə bir yanaşma yalnız şagirdlərin təhsil prosesində daha fəal iştirakını təmin etməyəcək, həm də təhsilin keyfiyyətini və ədalətliliyini artıracaq. Təhsil sisteminin inkişafı üçün bu istiqamətdə islahatların həyata keçirilməsi zəruridir".
Aygün Mirakif
Chosen
24
50
oxu.az

10Sources