EN

Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı və fəallığı ilbəil artır – Məlahət İbrahimqızı

İsveçrə Konfederasiyasının Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı, keçirdiyi görüşlər, apardığı müzakirələr ölkəmizin iqtisadi potensialının beynəlxalq miqyasda tanıdılması və yeni formalaşmış siyasi reallıqların təşviqi baxımından yaddaqalan oldu. Bu mənada ölkəmizin Davos İqtisadi Forumunda yüksək səviyyədə təmsil olunması vacib əhəmiyyət kəsb edir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, Dünya Davos Forumu çərçivəsində keçirilən görüşlər, təşkil edilən panel müzakirələr hər bir tərəf üçün olduqca faydalıdır: “Prezident İlham Əliyevin qarşı tərəfin müraciəti əsasında keçirmiş olduğu görüşlər, aparılan müzakirələr qarşılıqlı təmaslar tərəflərin bundan sonrakı dövrdə qarşıya qoyduqları əsas vəzifələrin reallığa çevrilməsi üçün də təsirli faktordur. Dünya Davos İqtisadi Forumu Azərbaycan üçün əhəmiyyətli olmaqla yanaşı ölkəmizin nüfuzunun təsdiqi baxımından da vacib platforma hesab edilir. Azərbaycanın aktiv iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisad Forumu xüsusi rola malikdir. Məhz bu ildə 55-ci iclası keçirilən Davos Forumunda qlobal iqtisadi məsələlər ətrafında ciddi müzakirələr aparılıb”.

Millət vəkili bildirib ki, nüfuzuna görə Davos Forumu yüksək reytinqə malikdir: “Bu mənada Forumda aparılan müzakirələr dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Azərbaycanın bu vacib platformada iştirakı 1995-ci ilə təsadüf edir. 1995-ci ilin 27-31 yanvar tarixlərində Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq Forumda iştirak edib. Sonrakı illərdə də bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilib. Cənubi Qafqazda lider mövqeyə malik olan Azərbaycan hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə uğurlar əldə edir. Bu uğurlara isə dünyanın marağı durmadan artır”.

Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı və fəallığı ilbəil artır: “Bu məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı uğurları ilə birbaşa bağlıdır. Dövlət başçısı hər il keçirilən iclaslar çərçivəsində çıxışlar edib, panellərə qatılıb, çoxsaylı suallara cavab verib. Məhz bu uğurların məntiqi nəticəsi olaraq Azərbaycan 2013-cü ilin aprelin 12-də Dünya İqtisadi Forumunun iştirakçılarını Bakıda qəbul edib. Sözsüz ki, iqtisadi xarakter daşımasına baxmayaraq Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə Forumun əhəmiyyəti bir daha gündəmə gəlir. Siyasi liderlər, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbulunda əlverişli mühit hesab edilir”.

Chosen
19
28
yenigundem.az

10Sources