EN

Qərbin “erməni soyqırımı” Rusiyanın “erməni soyqırımı”na qarşı

Nikol Paşinyan ikincidən uzaqlaşmağı, birincini əsas götürməyi təbliğ edir

Ermənistanın baş naziri Nikol Paşinyanın İsveçrədə olarkən “erməni soyqırımı” ilə bağlı səsləndirdiyi fikirlər erməni cəmiyyətində, bütövlükdə dünya erməniliyində kəskin reaksiya doğurub. Baş nazirin söylədiklərinə kilsənin sərt münasibəti isə vəziyyəti bir qədər də dramatikləşdirib. 

Ümumi fikir bundan ibarətdir ki, Paşinyan “erməni soyqırımı”na fərqli yanaşması ilə erməni milli identikliyini sıradan çıxarır, dövlətçiliyi məhv edir. Ancaq nisbətən fərqli düşünməmək üçün əsaslar var. Elə isə ilk növbədə diqqət yetirək, görək Nikol nəyi, daha doğrusu, hansı fikri harada dilə gətirib. Yəni yazımıza bunu vurğulamaqla başlayaq. Əlbəttə, digər məqamlara da nəzər salacaq və yekunda qənaətə gələcəyik.  

N.Paşinyan “soyqırımı” məsələsinə erməni diasporunun güclü olduğu İsveçrədə, həmin diasporun təmsilçiləri ilə görüşündə toxunub. İş ondadır ki, sözügedən ölkədə qondarma “erməni soyqırımı”nın inkarı cinayət məsuliyyəti yaradır. Yəni, belə bir saxta məsələ İsveçrə qanunvericiliyində əksini tapıbsa, deməli, mövcud məqam da orada erməni lobbi və diaspor təşkilatlarının rolunun böyüklüyünü göstərir. O zaman sual olunur: dünyanın “erməni soyqırımı” tezisi hansı prizmadan dəyərləndirilməli hadisədir? Yaxud, məsələdə necə bir təqdimat əsas götürülür? 

Aydındır ki, başlıca təqdimat rus imperializminin müəyyənləşdirdiyi xəttə söykənir. Məhz Rusiya XX əsrdə “erməni soyqırımı” məsələsinin aktiv təbliğatçısı qismində çıxış etmişdi. Paşinyan buna etiraz edir. Yəni, Moskva tərəfindən irəli sürülmüş formula. Əlbəttə, demək olmaz ki, Qərbin erməni təəssübkeşliyi olmayıb. Ancaq onun düşüncə mərkəzləri Rusiyanın ideoloqları qədər fantaziyapərəst deyildilər. Həm də birincilər “erməni soyqırımı” məsələsinin təqdimatında sistematik deyil, bir növ, mövsümi davranırdılar. Rusiya duruma dramatik görkəm verirdi. Rus imperializmi saxta ideyanın “elmi əsaslarını” hazırlamışdı. Qərbə isə Moskvanın fantaziyasını alqışlamaq qalmışdı. Çünki onun özü üçün də sərfəli durum var idi. 

***

Diqqət yetirək, N.Paşinyan İsveçrədə bildirib ki, ötən əsrin 30-cu illərində gündəmdə olmayan “erməni soyqırımı” məsələsi 50-ci illərdə vüsət almağa başladı. Baş nazirin sözlərindən gəlinən qənaət budur ki, onu gündəmə SSRİ rəhbərliyi Türkiyəyə görə gətirdi. Çünki həmin vaxt Türkiyə NATO üzvü oldu və belə bir durumda Sovetlər Birliyinin sərhədlərinə yaxın alyans ölkəsinin qəddar obrazını formalaşdırmaq lazım idi və uzun illər belə davam etdi. 

Lakin indi N.Paşinyan erməniliklə bağlı bütün məsələləri Qərbin egidasına vermək istədiyindən, rus varlığının “erməni soyqırımı” ilə bağlı uydurduğu və erməni millətçiləri üçün ehkama çevrilmiş baxışlardan uzaq durmağa çalışır. Qərbin erməni seqmenti başqa “müqəddəslik” tapmayıb, ona görə də saxta iddianın Rusiya təqdimatı üzərində gedir. İndinin özündə də Qərb üçün “erməni soyqırımı” məsələsi yalnız mövsümi xarakter daşıyır. Məsələn, yadınızdadır ki, Azərbaycan Laçın dəhlizi ilə bağlı aktivləşib oradan silah-sursat daşınmasının qarşısını alanda bu, Qarabağın erməni əhalisinin soyqırımı kimi qiymətləndirilmişdi. Rəsmi İrəvan da bu “tezisi” təbliğ etmişdi. Ölkəmizin media orqanlarının bütün dünyaya Laçın dəhlizindən dinc əhalinin, ərzaq məsullarının, gündəlik tələbat mallarının sərbəst keçdiyini çəkib göstərməsinə rəğmən, “soyqırımı” və “etnik təmizləmə” kimi klişelər Qərbin kütləvi informasiya vasitələrinin başlıca mövzusuna çevrilmişdi. 

Ancaq tezliklə belə təqdimatlar ikinci plana keçdi. Çünki yalana saxta fundamentallıq gətirilmədi. Üstəlik, Azərbaycan qətiyyətli davrandı. Rus imperializmi isə zamanında daha səlist fəaliyyət göstərdiyi üçün 50-ci illərdən vüsət almağa başlamış “erməni soyqırımı” konkret “nəticələr” verməyə başladı. Hətta o qədər böyük “nəticələr” verdi ki, bu dəfə Qərb onu müəyyən vaxtlarda Türkiyəyə qarşı istifadə etdi. Yəqin, Ankaranın Avropa İttifaqına qoşulmasına yaradılan süni maneələr hər kəsin yaxşı xatirindədir. Xatırladaq ki, o vaxt Türkiyədən “erməni soyqırımı”nı tanımaq da tələb olunurdu. 

İndi Ankara ikinci plandadır və Paşinyan “erməni soyqırımı”nın ənənəvi aktual olan rus seqmentini həm öz hakimiyyəti üçün zərərli görür, həm də Ermənistanın Qərbə inteqrasiyasının əngəlləməsi yolunda maneə sayır. Bu səbəbdən xaricdəki erməni diasporuna nələrisə başa salmağa çalışır. İstəyir ki, erməni lobbi və diaspor təşkilatlarının ənənəvi baxışlarında dəyişiklik yaransın. Nəzərə alaq ki, Nikol “soyqırımı”ndan imtinadan söz açmır, o, sadəcə məsələyə qaragüruhçu prizmadan yanaşılmasından uzaq durulmasına çalışır. 

***

Bəli, N.Paşinyan “erməni soyqırımı”nı tamamilə gündəmdən çıxarmaq niyyətində deyil. O, sadəcə xəstə ideyanın bir qədər fərqli formada təqdimatını düşünür. Digər tərəfdən, Nikol hazırkı təqdimatın, belə demək mümkünsə, ömrünü başa vurduğunun, dünyanı bezdirdiyinin, ikrah hissi doğurduğunun fərqindədir. O, anlayır ki, “erməni soyqırımı” fayda gətirmir. İkraha gəldikdə, onu 2013-cü ildə erməni əsilli məşhur fransız müğənni, vaxtilə Ermənistanın İsveçrədə səfiri olmuş Şarl Aznavur ifadə etmişdi. O, “soyqırımı” sözünə tüpürmək istədiyini demişdi. 

Həqiqətən, dünya “erməni soyqırımı” kimi cəfəngiyyata tüpürür. Bunu dərk edən Paşinyan ötən ilin dekabrında ölkə parlamentindəki çıxışı zamanı “məzlum millət” kimi qələmə verdiyi düsturdan danışmış və bildirmişdi ki, ermənilər özlərini beynəlxalq aləmə yazıq qiyafəsində göstərirlər. Bu isə yekunda “ordu millət” düsturunun meydana çıxması reallığını doğurur. Yəni, məzlumluqdan çıxmaq üçün silaha əl atmaq əsas götürülür. 

Nikol yanaşmanın doğru olmadığını ona görə vurğulamışdı ki, “məzlum millət” və onun davamı olan “ordu millət” düsturları başlıca olaraq rus imperializminin ideoloji diktəsi qismində çıxış edir. Fikrimizin sübutu kimi, bir nüansın üzərində dayanaq və sual edək: Ermənistandakı bugünkü revanşistlər kimlərdir? Cavab birmənalıdır: Kremlin dirijor çubuğu ilə hərəkətə gələnlər. O zaman meydana daha bir sual çıxır: necə olur ki, erməni baş nazir köhnə stereotiplərdən, erməni xislətinin məhsulu sayılan xəstə təfəkkür və təxəyyüldən uzaq durulmasının zəruriliyini əsaslandırmağa çalışır, “məzlum millət”dən və “ordu millət”dən qurtuluş “manifestini” səsləndirir, amma bundan heç iki gün keçməmiş Ermənistanın Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə İrəvanda soyqırıma həsr olunmuş tədbir təşkil olunur? Söhbət “Soyqırım və digər cinayətlərə qarşı erkən xəbərdarlıq və erkən reaksiya üçün beynəlxalq mexanizmlərin effektivliyinin gücləndirilməsi” mövzusundakı iki gün davam etmiş “Soyqırım Cinayətinə Qarşı” V Qlobal Forumdan  gedir. Foruma Rusiyadan dəvət edilənlər olmamışdı. Gələnlərin, demək olar, hamısı “erməni soyqırımı” cəfəngiyyatının Moskvanın ənənəvi ritorikasından uzaq müasir mövcudluq kazusunu təbliğ edənlər idilər. Onlar Azərbaycanı və Türkiyəni hədəfə götürmüşdülər. Rəsmi İrəvan isə tədbirdə Ankaraya və Bakıya qarşı yalnız subliminal ittihamlarla kifayətlənmişdi. 

Onu da nəzərə alaq ki, hazırkı obyektiv şərtlər saxta iddianın rus seqmentinin Azərbaycana və Türkiyəyə qarşı ciddi barışmaz mövqe tutmasını əngəlləyir. Yəni, mümkündür ki, Paşinyan “soyqırımı” ilə bağlı yeni gündəmi həm də bu səbəbdən ortaya atmaqdadır. Hərçənd, Nikol mövcud xüsusda ehtiyatlıdır, çünki Ermənistanın Ankara ilə bağlı gözləntiləri var. Müvafiq olaraq, rəsmi İrəvana Azərbaycanı da sırf soyqırımı xüsusunda hədəfə götürmək sərfəli deyil. 

***

Bir məqamı da vurğulayaq ki, saxta soyqırımı məsələsi, obrazlı desək, erməni varlığının əyninə zorla geyindirilmiş libasdır. Yəni, bu libası, Qərbin və ya Rusiyanın tikməsinin heç bir önəmi yoxdur. Fikrimizi əsaslandırmaq üçün azacıq da olsa, tarixə üz tutaq. Məsələn, 1907-ci ildə erməni millətçiləri ABŞ-ın o zamankı Prezidenti Teodor Ruzveltə müraciət ünvanlamış, ondan saxta “erməni soyqırımı”nın tanınmasını və kömək göstərilməsini istəmişdilər. Onlar iddia etmişdilər ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində Osmanlı dövlətində erməni əhaliyə qarşı, guya, soyqırımı həyata keçirilib. 

Reallıq ondan ibarətdir ki, qeyd edilən zaman kəsiyində Qərb dövlətləri Osmanlı daxilində nifaq və bölücülük yaratmaq məqsədi ilə erməni amilindən yararlanmışdılar. Bu məqsədlə millətçi təşkilatlar formalaşdırılmışdı. 1883-cü ildə “Hnçak”, 1890-cı ildə Daşnaksütyun Partiyası kimi terrorçu qruplaşmalar fəaliyyətə başlamışdı. Sözügedən təşkilatlar Osmanlının müxtəlif bölgələrində qətllər, qarətlər törətmişdilər. Onlar hətta sadə ermənilərin türklərə nifrətini körükləmək üçün, Osmanlı qiyafəsinə bürünərək öz soydaşlarına qarşı da amansız cinayət əməlləri həyata keçirmişdilər. Lakin Qərb özünün “Şərq məsələsi”nin davamını “Yunan məsələsi”ndə görməyə üstünlük verdikdən sonra, erməni millətçiləri taleyin ümidinə buraxılmışdılar. Yəni, Birləşmiş Ştatların Prezidentinə haqqında söz açdığımız müraciət bununla bağlı olmuşdu. 

Qərb növbəti dəfə “erməni soyqırımı” məsələsinə 1915-ci ildə üstünlük vermişdi. Həmin vaxt Birinci Dünya müharibəsi gedirdi və erməni millətçiləri bu dəfə də Osmanlını arxadan vurmağa girişmişdilər. Belə olduqda ikinci öz resursları hesabına erməniləri dövlətin ayrı-ayrı hissələrinə köçürməyə qərar vermişdi ki, məqsəd terror yuvalarını dağıtmaq idi. Ancaq zaman keçmiş və Osmanlının reallaşdırdığı profilaktik tədbirlər “soyqırımı” kimi qiymətləndirilməyə başlanmışdı. 

***

Sonda isə deyək ki, N.Paşinyanın indi nələri bildirməsindən asılı olmayaraq, o, ümumən imperializmin erməni varlığı üçün müəyyənləşdirdiyi saxta soyqırımı ritorikasından uzaqlaşa bilməz. Çünki “məzlum millət” düsturu kimi, qondarma “erməni soyqırımı” da ermənilər üçün, necə deyərlər, alın yazısıdır. Bu, elə bir alın yazısıdır ki, ondan imtina Ermənistan dövlətçiliyindən imtinadır. Axı imperialist qüvvələrin erməni dövləti üçün müəyyənləşdirdiyi “amplua” var. Bir halda ki, ermənilər rahat, heç bir qonşusuna qarşı ədavət bəsləməyəcəklərsə, sakit tərzdə yaşamaq istəyəcəklərsə, onlar kimə, daha doğrusu, hansı qüvvəyə lazımdırlar? Hesab etmirik ki, N.Paşinyan bunları bilmir. Əlbəttə, bilir və baş nazirin özünün “soyqırımı gündəliyi”nin olduğunu isə artıq vurğuladıq. 

Ə.CAHANGİROĞLU
XQ

 

Chosen
19
37
xalqqazeti.az

10Sources