Ötən həftəsonu Türkiyə çempionatının 21-ci turunda oynanılan ''Sivasspor'' - ''Kayserispor'' matçında (5:2) yaşıl meydanlarda nadir hallarda yaşanan bir olayın baş verdiyini xəbər vermişdik.
''Football-plus.az'' xəbər verir ki, qarşılaşmanın 23-cü dəqiqəsində ''Kayserispor''un heyətində iki futbolçu mübahisə etmişdi. Stefan Bahoken Migel Kardosonun sifətinə yumruq endirdiyi üçün qarşısında birbaşa qırmızı vərəqə görmüşdü.
''Kayserispor'' rəhbərliyi bu qalmaqala biganə qalmayıb. Belə ki, 32 yaşlı kamerunlu forvard qeyri-müəyyən müddətə əsas komandadan kənarlaşdırılıb. Kayseri təmsilçisi növbəti oyununu fevralın 1-də ''Trabzonspor''a qarşı keçirəcək. Bahoken zatən cəzalı olduğu üçün həmin oyunu buraxacaq. Ona görə də onun bir də nə vaxt meydana çıxacağı bilinmir.
Türkiyədə daha öncə ''Kasımpaşa''da forma geymiş Bahoken 2023-dən ''Kayserispor''dadı. Bu mövsüm superliqada onun aktivində 14 oyunda 2 qol var.
ƏLİ