Rusiya işğalçı qoşunu yaz-yay hücum kampaniyasında Donetsk vilayətini tam ələ keçirməyə çalışacaq.
“AzPolitika” xəbər verir ki, bunu yerli mediaya açıqalmasında ukraynalı hərbi ekspert, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş sözçüsü Vladislav Seleznyov deyib: "Düşünürəm ki, rus işğalçıları Velikaya Novosyolka ərazisində müəyyən sabitləşdirmə tədbirlərini tam şəkildə həyata keçirənə qədər gözləməliyik. Sonra isə müvafiq nəticələr çıxarılmalıdır. Putin indi məhz Donetsk vilayətinin ərazisində aktiv fəaliyyət göstərir. O, 2022-ci ilin fevralında “xüsusi hərbi əməliyyat”a başlamışdı ki, Donetsk və Luqansk vilayətlərinin ərazisini tamamilə zəbt etsin. Luqansk vilayətində bu iş demək olar ki, tam həyata keçirilib, Luqansk vilayətinin bir neçə faizi Ukrayna ordusunun nəzarəti altındadır. Donetsk bölgəsi üçün isə hələ görüləsi çox iş var. Bu plan üçün düşmən indi azı 3 platsdarm formalaşdırmağa başlamalıdır. Buna uyğun olaraq, şimal-şərqdən Liman istiqaməti, şərqdən Çasovoy Yar və cənubdan Toretsk ərazisi götürülə bilər”.
Eyni zamanda ekspert qeyd edib ki, hazırda işğalçı qüvvələr böyük itkilər verirlər, ona görə də onların hücum potensialı getdikcə azalır: “Düşmənin yaxın gələcəkdə necə hərəkət edəcəyi ilə bağlı sualın cavabı birbaşa olaraq düşmənin müəyyən tapşırıqları yerinə yetirmək üçün hansı resurslardan istifadə etməyə hazır olmasından asılıdır”.
“AzPolitika.info”