RU

SSRİ-nin sonunu yaxınlaşdıran 20 Yanvar faciəsi - əmri verən və icra edənlərin etirafları

Bakıda törədilən 20 Yanvar faciəsi SSRİ rəhbəri Mixail Qorbaçovun ən böyük səhvlərindən biri idi. O, bu faciənin qarşısını Heydər Əliyevi Azərbaycana göndərməklə ala bilərdi. Bakıda törədilən faciə SSRİ rəhbərliyinin xəyanəti idi və təəssüf ki, bu xəyanətin qurbanları dinc azərbaycanlılar oldu.

Bu etirafları APA-nın Rusiya üzrə xüsusi müxbiri Fərid Əkbərova müsahibələrində 1990-cı ildə Mixail Qorbaçovun humanitar və ictimai məsələlər üzrə köməkçisi vəzifəsində çalışmış, tanınmış rusiyalı yazıçı-publisist Georgiy Pryaxin və 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olan sovet ordusunun keçmiş zabiti Yuri Şvitkin edib.

Qorbaçovun köməkçisi: “Bakıya qoşun yeridilməsi haqqında qərar kollegial şəkildə qəbul olunmuşdu”

Georgi Pryaxin etiraf edir ki, 20 Yanvar faciəsi Qorbaçovun ən böyük səhvlərindən biri olub, onun icazəsi olmadan Bakıdakı faciənin baş verməsi mümkün deyildi. Pryaxinin fikrincə, əgər Qorbaçov istəsəydi, bu faciənin qarşısı ala bilərdi:

“Mən, bütün bu proseslərin canlı şahidi olmuşam. Bakıya qoşun yeridilməsi haqqında qərar birdən verilməmişdi. Bu qərar SSRİ rəhbərliyinin ən yuxarılarında verilmişdi və bu qərar kollegial şəkildə qəbul olunmuşdu. Qorbaçovun bu qərarı verməsi haqqında danışarkən onun ətrafında olan erməniləri göstərirlər. Bəli, həmin dövrdə Qorbaçovun ətrafında Georgiy Şaxnazarov, Abel Aqanbekyan vardı. Bilirsiniz, Moskva böyük enerji resursları olan Azərbaycanı itirmək istəmirdi. Qorbaçov bu faciənin mənasını və nə ilə nəticələnəcəyini anlayırdı. Çünki onun rəhbərliyi ilə Siyasi Büronun qəbul etdiyi qərarın bütün məsuliyyətini özü daşıyırdı. Onun icazəsi olmadan bu hadisələr baş verə bilməzdi. Bakıya ciddi hərbi kontingent yeridilmişdi”.

Georgiy Pryaxin: “Qorbaçov Heydər Əliyevi Bakıya göndərməklə bu faciənin qarşısı ala bilərdi”

“Hesab edirəm ki, Bakıya qoşun yeritməyə gərək yox idi. Böyük bir qrupla danışıqlar üçün Azərbaycana getmək lazım idi. Bu qrupa nüfuzlu bir azərbaycanlı rəhbərlik etməlidi idi. Bu nüfuzlu şəxs isə Heydər Əliyev idi. Qorbaçov həmin zaman Heydər Əliyevi Bakıya göndərməklə bu faciənin qarşısı ala bilərdi. Təəəssüf ki, bu addımı atmadı. Nəticəsi də göz önündə... Ümumiyyətlə, Heydər Əliyevin vəzifədən uzaqlaşdırılması səhv idi”.

Bakıda qırğınlar törədən SSRİ ordusunun zabiti: “Qarşımıza məqsəd qoyulmamışdı ki, kimisə öldürək”

Sovet ordusu tərkibində Bakıya daxil olan Pskov hava desant diviziyasının kəşfiyyatçı zabiti Yuri Şvıtkin isə həmin hadisələri belə xatırlayır:

“Vəziyyət olduqca gərgin idi. Yanvarın 19-da biz “Nasosnı” aerodromuna endik. Daha sonra Bakının mərkəzinə gəldik. Orada komendant saatı tətbiq edilmişdi. Biz komendant saatını təmin edirdik. O zaman bizim qarşımıza məqsəd qoyulmamışdı ki, kimisə öldürək. Bakıda həmin vaxt nəyin necə baş verdiyini tarix mühakimə edəcək. Bir daha deyirəm ki, Bakıdakı hadisələr Sovet İttifaqı dövründə baş vermişdi. Deməzdim ki, bizdə qanahərislik vardı, xeyr, heç bir halda belə deyildi. Çox yaxşı xatırlayıram ki, hamı “kamuflyaj” geyimdə idi. Biz isə desant formasında idik. Mən o zaman baş leytenant idim. Bakıya yeridilən qoşunların tərkibində mülki həyatdan orduya çağırılıb əllərinə silah verilənlər vardı. Onlar bu hadisəyə hazır deyildilər. Ona görə də sərt reaksiya baş vermişdi. Biz isə kadr hərbçilər idik və qarşımıza qoyulan tapşırıqları yerinə yetirirdik”.

Yuri Şvitkin: “20 yanvar SSRİ rəhbərliyinin xəyanəti idi”

Hazırda Dövlət Dumasında müdafiə komitəsinin sədr müavini olan Yuri Şvıtkin 20 Yanvar faciəsinin SSRİ rəhbərliyinin xəyanəti olduğunu və dinc insanların qətlə yetirilməsinin qəbuledilməz olduğunu etiraf edib:

“Əlbəttə ki, dinc insanların öldürülməsi qəbuledilməzdir. Düşünürəm ki, həmin dövrdə diplomatik cəhdlər sonuna qədər aparılmamışdı. Biz həmin dövrdə təkcə Bakıda deyil, Vilnüsdə də olmuşduq. Bu hadisələr Sovet İttifaqının süqutuna gətirib çıxardı. Əslində, bu hadisələr xəyanət idi. Baxın, Qorbaçov sonra Almaniyanın fəxri vətəndaşı oldu. Amma bu xəyanətin qurbanları azərbaycanlılar, litvalıları, ruslar oldular. Həmin dövrdə dövləti idarə edənlərin bu xəyanətdə əli vardı. Yazov hərbçi idi, ona nə göstəriş verirdilər, onu yerinə yetirirdi. Əsas günahkar əlbəttə ki, Qorbaçov idi...”

P.S. Heç bir imperiya əbədi deyil. Hər bir imperiyanın sonu olduğu kimi, Sovet İttifaqının da sonu oldu və bu sonu Bakıdakı 20 Yanvar faciəsi yaxınlaşdırdı. Bu qanlı faciəni törədən imperiya azərbaycanlılar üçün çoxdan tarixdə qalıb, heç kim və heç nə unudulmayıb.

Избранный
6
30
apa.az

10Источники