Tbilisi, 20 yanvar, AZƏRTAC
Gürcüstanda geniş oxucu auditoriyasına malik “Adjara.PS” portalında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı “1990-cı il 20 Yanvar faciəsi öyrənilməli və olduğu kimi gələcək nəsillərə çatdırılmalıdır” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalə Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə işıq üzü görüb.
Məqalədə deyilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası liderinin əmri ilə SSRİ Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Komitəsinin və Daxili İşlər Nazirliyinin bölmələri paytaxt Bakı şəhəri də daxil olmaqla Azərbaycanın bir sıra rayonlarına yeridildi. Sovet qoşun birlşmələri ağır texnika və müxtəlif növ silahlarla dinc sakinləri qətlə yetiriblər.
Sovet ordusu Bakıda misli görünməmiş qəddarlıqla qırğın həyata keçirib. Gecə yarısı Bakıda fövqəladə vəziyyət elan olunsa da, əhaliyə məlumat verilməyib. Əhali üçün fövqəladə vəziyyət elan etməzdən əvvəl hərbçilər 82 nəfəri vəhşicəsinə qətlə yetirib, 20 nəfəri isə yaralamışdılar. Yanvarın 20-də və fövqəladə vəziyyət elan edildikdən sonrakı günlərdə Bakıda 21 nəfər həlak olub. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda daha 8 nəfər - yanvarın 25-də Neftçalada, 26-da isə Lənkəranda həlak olub.
Bildirilir ki, 20 Yanvar faciəsi bütün dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu. Faciədən sonra Sovet İmperiyası Azərbaycanda bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası xalq işinə çevrildi və ölkənin yeni siyasi tarixində ilk dəfə olaraq Azərbaycan xalqı müxtəlif dövlətlərdə təşkilatlanmaya başladı.
Qeyd olunur ki, faciyə ilk siyasi qiymət Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1990-cı il yanvarın 21-də Moskvada verilib.
1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində hüquqi-siyasi qiymət verilib.
Həmçinin qeyd olunur ki, Azərbaycan xalqı hər il yanvarın 20-də şəhidlərin xatirəsini ehtiramla yad edir. Hər il faciənin ildönümü “Şəhidlər xiyabanına” izdihamlı ziyarətlərlə müşayiət olunur, burada faciənin rəmzi olan qırmızı qərənfillər vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin məzarları üzərinə gətirilir, onların xatirəsi ehtiramla yad edilir.
Vurğulanıb ki, Azərbaycan xalqının həm də qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılmış 20 Yanvar heç vaxt unudulmamalı, gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi