"Football-plus.az" xəbər verir ki, oyunun qəhrəmanı iki penalti dəf edən “Yunayted”in türkiyəli qapıçısı Altay Bayındır oldusa, antiqəhrəmanı “Arsenal”ın almaniyalı yarımmüdafiəçisi Kay Havertsdi. Bu futbolçu əvvəlcə hesab 1:1 olarkən Harri Maquayrla mübarizədə özünü yerə ataraq komandası üçün penalti qazandırdı. Həmin penaltidə Altay Edeqorun zərbəsini dəf etdi. Oyunsonrası penalti seriyasında isə Altayın məhz Havertsin zərbəsini dəf etməsi həlledici oldu. Bu arada Havertsin hamilə olan həyat yoldaşı Sofiya “Arsenal” fanatlarının ona göndərdiyi hədələri və təhqirləri paylaşaraq onları tənqid edib. Onun paylaşdığı mesajlardan birində azarkeş Sofiyaya tezliklə uşağı salmağı arzulayırsa, digər mesajda başqa bir azarkeş onu hələ doğulmamış körpəni öldürməklə hədələyir. Sofiya Haverts bunları qeyd edib:
“Bu ifadələr məni şoka salır. Ümid edirəm ki, bu sözlərə görə həqiqətən də utanırsız. Deməyə başqa bir söz tapmadım”.
Sözügedən qarşılaşma ilə bağlı daha bir maraqlı məqamı “Deyli Meyl” nəşri paylaşıb. Məlum olub ki, Maquayr Havertsin özünü yerə ataraq penalti qazanmasından sonra onu “əclaf” adlandırıb! Xatırladaq ki, “Yunayted” kubokun son qalibi statusundadı. “Qırmızı şeytanlar” ötənilki finalda “Mançester Siti”ni 2:1 məğlub etmişdilər.