RU

"Tramp fırtınası": dünya iqtisadiyyatı yeni dövrün ASTANASINDA

Donald Trampın prezident kimi fəaliyyətə başlaması dünya iqtisadiyyatında bir sıra gözləntilər yaradır. Onun iqtisadi baxışları enerji, ticarət və maliyyə sahələrində ciddi təsirlər göstərə bilər. Əvvəlki prezidentliyi dövründə tətbiq etdiyi proteksionist siyasət və iqtisadi planlar Trampın ikinci dəfə prezident olması ilə daha da güclənə bilər.

Modern.az-ın məlumatına görə, yanvarın 20-də ABŞ-da Donald Trampın prezident andı içməsindən sonra kriptovalyuta bazarında ciddi dəyişikliklər yaşandı. Bitkoin tarixində ilk dəfə olaraq 109 000 ABŞ dollarını ötərək yeni bir rekord qırdı. 

Tramp seçkilər zamanı kriptovalyutaların tənzimlənməsinin yüngülləşdirilməsi və bu sahənin dövlət siyasətində prioritetə çevrilməsi barədə vədlər vermişdi. Prezidentlik müddətinin başlanğıcında onun kriptovalyutaların inkişafını dəstəkləməyə davam edəcəyi gözlənilir. Tramp öz kriptovalyutasını təqdim edərək yeni bir addım atdı. Amma kripto sənayesinin bir çox tanınmış nümayəndələri yeni kriptovalyutanın bazara daxil olmasını tənqid ediblər. "Coinbase"in keçmiş texniki direktoru Balaji Şrinivasan bu kriptonun "bir lotereya" olduğunu və sonda qiymətlərin aşağı düşdüyünü qeyd edərək onu alanların böyük itkilərlə üzləşəcəyini bildirib.

Ümumilikdə mütəxəssislər Donald Trampın prezidentliyi dövründə kriptovalyuta bazarında ciddi dəyişikliklərin baş verəcəyini bildirirlər. Ekspertlər hesab edir ki, bitkoin və digər kriptovalyutalar üçün yeni bir yüksəliş mərhələsi başlayacaq. İnvestorlar ABŞ hökumətinin bu sektoru dəstəkləməyə başlamasından faydalana bilərlər. 

Trampın vəzifəyə gəlməsi ilə bağlı həyəcanlı gözləntilər arasında onun enerji sektoruna tətbiq etdiyi yeni yanaşma və iqtisadi proqnozlar da yer alır. Xüsusilə Trampın enerji hasilatını artırmaq və Bayden administrasiyasının tətbiq etdiyi ekoloji məhdudiyyətləri aradan qaldırmaq niyyətində olduğu vurğulanır. 

Trampın prezidentlik səlahiyyətlərini istifadə edərək federal mülkiyyətdə olan torpaqlarda neft və qaz yataqlarını işə salması mümkündür. Bu ABŞ-ın karbohidrogen hasilatını əhəmiyyətli dərəcədə artırmağa və ölkənin dünya bazarında enerji dominantlığını gücləndirməyə şərait yarada bilər.

Tramp inauqurasiya nitqində ABŞ-ın daha çox neft və qaz hasil edəcəyini, bütün dünyaya ixrac ediləcəyini bildirməsi neftin qiymətinin aşağı düşməsinə səbəb olub. Brent neftinin qiyməti 80 dollardan aşağı düşüb. "Mən milli enerji fövqəladə vəziyyəti elan edirəm. Amerikada heç kimdə olmayan neft və qaz var, biz ondan istifadə edəcəyik. Böhranlara son qoyacağıq, ABŞ enerjisini bütün dünyaya ixrac edəcəyik. Biz yenidən zəngin ölkə olacağıq. Biz həmçinin yeni "yaşıl" sövdələşməni ləğv edəcəyik, öz sənayemizi quracağıq və öz işçilərimizə fayda təmin edəcəyik”

Bununla yanaşı Tramp administrasiyasının mayeləşdirilmiş təbii qaz ixracına qoyulan moratoriumu qaldırması, nəqliyyat vasitələrinin çirklənməsini məhdudlaşdıran qaydaları aradan qaldırması və elektrikli avtomobillərə keçid üçün verilən stimulları geri alması da mümkündür.

Trampın iqtisadi siyasətində ABŞ-ın beynəlxalq ticarətini və yerli bazarını stimullaşdırmaq üçün daha çox müdaxilə və xarici idxala qarşı gömrük rüsumlarının tətbiq edilməsi ehtimalı var. Bu cür addımlar qlobal ticarət əlaqələrində qeyri-müəyyənlik yaratmaqla yanaşı, dolların qiymətinin müəyyən mənada azalmağa (devalvasiya) səbəb ola bilər. Tramp siyasətinin əsas məqsədi ABŞ məhsullarının xarici bazarlarda daha rəqabətli olmasını təmin etməkdir. Dolların dəyərinin aşağı düşməsi ABŞ məhsullarını daha ucuz edərək ixracatın artırılmasına və yerli istehsalın gücləndirilməsinə şərait yarada bilər.

Xarici məhsullara tətbiq olunan gömrük rüsumları ölkədaxili qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Bu, dolların məzənnəsinin daha da aşağı düşməsinə gətirib çıxaracaq. Eyni zamanda zəif dollar ABŞ məhsullarını daha ucuz və cəlbedici edərək ixracatın artmasına səbəb ola bilər.

Trampın inauqurasiyasından əvvəl dollar əsas valyutalarla müqayisədə müəyyən qədər dəyər itirib. "Bloomberg"in məlumatına görə yanvarın 20-də dollar indeksi 0,3% azalıb. İki gün əvvəl 1 dollar 2 sentə qədər ucizlaşan avro inaqurasiyadan sonra 1 dollar 4 sentə qədər bahalaşıb. 

Trampın iqtisadi siyasətinin bir digər əhəmiyyətli aspekti isə Federal Ehtiyat Sisteminin (FED) faiz siyasətinə təsiridir. Tramp FED-in faizləri artırmasını birmənalı şəkildə tənqid etmişdir. Faizlərin aşağı saxlanması investisiyaları artıra bilər. Əksinə FED iqtisadi böhran və ya qlobal risklər qarşısında faizləri artırmağa davam edərsə dolların güclənməsi ehtimalı da yüksəkdir. 

Bəzi analitiklər Tramp administrasiyasının qərarlarının dünyada dolların populyarlığını azaldacağını proqnozlaşdırır. Trampın xarici siyasətində ABŞ-ın beynəlxalq təşkilatlardan uzaqlaşması və ticarət müqavilələrinə qarşı tutduğu mövqe xüsusilə digər ölkələrdə dollar alternativlərinə olan marağını artıra bilər. Bu uzunmüddətli dövrdə dolların beynəlxalq bazarlarda zəifləməsinə səbəb ola bilər.

Trampın enerji siyasətindəki dəyişikliklər xüsusilə ABŞ-ın neft və qaz hasilatını artırmağa yönələn addımları dünya enerji bazarlarında rəqabəti artıracaq. ABŞ-ın enerji hasilatını artırması dünya bazarında təbii qaz və neftin qiymətlərinin azalmasına səbəb ola bilər.

Избранный
10
50
modern.az

10Источники