2025 ci ilin Qlobal İqtisadi Forumu “Ağıllı əsr üçün əməkdaşlıq” mövzusunda qlobal çağırışlara toxunacaq. Forumda iqtisadi artımın yenidən başlaması, yeni texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyinin sürətlənməsi fonunda sosial və iqtisadi dayanıqlığın gücləndirilməsi müzakirə olunacaq".
Bunu hafta.az-a deputat Azər Badamov bildirib. A.Badamovun sözlərinə görə, bu baxımdan Davos İqtisadi Forumunu ölkələrin öz iqtisadi imkanlarını təqdim etməsi üçün çox əhəmiyyətli platformadır.
"Bu platformada iştirakımız çox əhəmiyyətlidir. Ümumiyyətlə, Qlobal İqtisadi Forum iqtisadi olduğu qədər siyasi əhəmiyyət daşıyır. Çünki, foruma dövlət və hökumət başçıları, hökumət nümayəndələri, biznes strukturların rəhbərləri olmaqla 130 ölkədən 3000-ə yaxın lider toplaşır".
Deputat forum çərçivəsində iqtisadi mövzularla yanaşı siyasi məsələlərin də müzakirə olunduğunu qeyd edib.
"Qlobal İqtisadi Forumlar çərçivəsində Azərbaycan Prezidentinin digər ölkələrin və qlobal şirkətlərin rəhbərləri ilə görüşü ənənəvi xarakter almışdır. Bu tədbirdə də dövlət başçısının bir çox görüşlər keçirəcəyi, ölkəmizin investisiya mühiti ilə bağlı əməkdaşlığın genişləndirilməsinə dair müzakirələrin aparılacağını düşünürəm. Azərbaycanın investisiya və biznes mühiti daxili və xarici investorlar üçün əlçatandır.
Davos İqtisadi Forumunun hesabatları Azərbaycanın iqtisadi biznes mühitini müsbət dəyərləndirir. Təbii ki, bu, ölkəmizdə yaranmış azad və rəqabət qabiliyyətli iqtisadi mühitlə bağlıdır. Bu baxımdan forumda iştirakımızın ölkəmizin iqtisadiyyatının qlobal çağırışlara uyğunlaşdırılması və investisiyaların cəlb edilməsi baxımından çox əhəmiyyətli olacağını hesab edirəm. Həm də forum çərçivəsində dövlət başçıları siyasi mövzularda da müzakirələr aparır. Bu da bir çox qlobal xarakterli siyasi məsələlərin həll olunmasına, regional məsələlərin müzakirə olunaraq əməkdaşlığın formalaşmasına və sözümüzün gücünün artmasına töhfə verir".