Beynəlxalq Təhsil Günü hər il 24 yanvar tarixində qeyd olunur.
Sfera.az bildirir ki, bu günün məqsədi təhsilin insan hüquqları, davamlı inkişaf və bərabər imkanlar yaratmaqda əhəmiyyətini vurğulamaqdır.2018-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən təsis olunan bu gün dünya ölkələrinə təhsilə daha çox diqqət yetirmək üçün qlobal çağırış edir.
Təhsil hər bir cəmiyyətin inkişafında və rifahında mühüm rol oynayır. Dünya ölkələrində təhsilə verilən diqqət milli strategiyaların əsasını təşkil edir. Misal üçün, Skandinaviya ölkələri təhsil sistemlərində yüksək bərabərlik və keyfiyyət standartları ilə tanınır. Finlandiyada məktəb sistemi şagirdlərin yaradıcılığını və fərdi inkişafını ön planda saxlayır. Digər tərəfdən, Cənubi Koreya texnologiya və elm sahələrində lider mövqeyini gücləndirmək üçün təhsilə böyük sərmayələr yatırır. Bu ölkələrin təcrübəsi göstərir ki, təhsilin keyfiyyəti yalnız iqtisadi inkişafla deyil, həm də siyasi iradə və strateji yanaşma ilə bağlıdır.
Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Azərbaycanın təhsil siyasəti beynəlxalq standartlara uyğunlaşmağa davam edir. Dünyada qabaqcıl ölkələrdə praktiki bacarıqların artırılmasına üstünlük verildiyi halda, Azərbaycanda ənənəvi nəzəri təhsilə daha çox diqqət yetirilir. Bununla belə, təhsilin rəqəmsallaşdırılması və beynəlxalq əməkdaşlıqlar Azərbaycanın təhsil sisteminin qlobal standartlara uyğunlaşdırılmasında mühüm rol oynayır. Ölkənin təhsil sistemində əhatəlilik və əlçatanlıq yüksək səviyyədə olsa da, keyfiyyətin artırılması istiqamətində daha çox işlər görülməlidir.
Son illərdə Azərbaycan hökuməti təhsil sektorunda bir sıra islahatlar həyata keçirib. Təhsil müəssisələrinin maddi-texniki bazasını gücləndirmək üçün ciddi addımlar atılıb. Müasir laboratoriyalar, rəqəmsal siniflər və yeni təhsil resursları məktəblərdə tətbiq olunur. "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı" çərçivəsində minlərlə azərbaycanlı gənc dünya universitetlərində təhsil alıb və ölkəyə müasir biliklər gətirərək müxtəlif sahələrdə fəaliyyət göstərir. Hazırda bu proqramın davamı olan müxtəlif layihələr icra edilir. Azərbaycanda qızların təhsilə cəlb olunması yüksək səviyyədədir. Bu göstərici regionda bir çox ölkələrdən üstündür və hökumətin təhsil siyasətinin uğurlu nəticələrindən biridir.Eyni zamanda, hökumət rəqəmsal təhsilin inkişafına xüsusi diqqət ayırır. Pandemiya dövründə onlayn təhsilə keçid zamanı bu sahədəki çətinliklər daha da görünür oldu və rəqəmsal infrastrukturun gücləndirilməsi prioritet olaraq müəyyənləşdirildi.
Təhsil həm fərdlərin, həm də cəmiyyətlərin inkişafında mühüm rol oynayır. Beynəlxalq Təhsil Günü vasitəsilə dünya ölkələri təhsil sahəsində qarşılıqlı əməkdaşlığı gücləndirərək qlobal problemlərə həll yolları axtarır. Azərbaycan da bu prosesdə fəal iştirak edir. Azərbaycan təhsil sahəsindəki uğurlarını artıraraq, qlobal miqyasda layiqli mövqeyə sahib olmaq üçün səylərini davam etdirir.
Firuzə Əliyeva
Mövzu: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;
Qeyd: Bu yazı Media və İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb.