Xəbər verdiyimiz kimi, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlaşdığını açıqlayıb. Hazırda bütün dünyanın diqqəti bu görüşə yönəlib. Tramp və Putin arasında Ukraynada müharibənin dayandırılamsıı ilə bağlı razılaşmanın əldə olunub-olunmayacağı hər kəsin marağındadır.
Bəs, ekspertlər bu barədə nə düşünür? ABŞ və Rusiya liderinin Ukrayna məsələsi ilə bağlı razılığa gəlməsi mümkündürmü?
Mövzu ilə bağlı Bakupost.az -a danışan siyasi ekspert Zərdüşt Əlizadə bildirib ki, tərəflərin mövqeləri arasında ciddi ziddiyyətlər olduğu üçün görüşün uğurla nəticələcəyi ehtimalı aşağıdır:
“Mənim fikrimcə, bu görüş baş tutsa belə, uğurla nəticələnəcəyinə ümid çox azdır. Mövqelər zaman-zaman bir-birinə zidd olub. Rusiyanın mövqeyi beynəlxalq hüququ və Ukrayna dövlətinin haqlarını tamamilə inkar edir. Tramp Ukraynanın əvəzinə qərar qəbul edə bilməz. O, yalnız ABŞ-ın Ukraynaya göstərdiyi yardımın artırılması və ya kəsilməsi barədə qərar qəbul edə bilər. Amma Ukrayna xalqına əmr edə bilməz ki, öz suveren torpaqlarından, ordu qurmaq və silahlanmaq hüququndan imtina edib Rusiyanın köləsinə çevrilsin. Belə bir şey etməz. Buna görə də köklü danışıqların baş tutması çətindir”.
Ekspertin sözlərinə görə, Rusiyanın əsas tələblərindən biri Qərbin tətbiq etdiyi sanksiyaların aradan qaldırılmasıdır. Lakin bu tələbin yerinə yetirilməsi mümkün deyil:
“Rusiyanın tələbləri arasında sanksiyaların götürülməsi də var. Amma sanksiyaları təkcə Amerika tətbiq etmir ki. Avropa da, BMT də, beynəlxalq təşkilatlar da tətbiq edir. Beynəlxalq məhkəmə Putini cinayətkar elan edib və axtarışa verib. Bütün bunları ləğv etmək təkcə Trampın ixtiyarında deyil”.
Z.Əlizadə əlavə edib ki, bu görüş yalnız tərəflərin mövqelərini müəyyənləşdirmək üçün bir fürsət ola bilər. Onun sözlərinə görə, görüşdən sonra vəziyyətin daha da gərginləşməsi ehtimalı var:
“Tramp bu görüşdə mövqeləri müəyyənləşdirmək üçün iştirak edə bilər. Bu, Putinin ayıldılması, ağlının başına qaytarılması üçün bir görüş ola bilər. Amma əgər Tramp görsə ki, Putin özünü hədsiz azğın aparır, onda Ukraynaya olan hərbi yardımı dəfələrlə artıra bilər. Bu, çətin bir sınaq olacaq.Trampın niyyəti neft hasilatını artırmaqdır və bu, neftin qiymətini aşağı sala nəticədə Rusiyanı müharibə xərclərini azaltmağa məcbur edə bilər. Yəni çox şey mümkündür. Mən şübhə edirəm ki, bu görüş hansısa bir müsbət nəticə verəcək”.
Lalə Novruz, BakuPost