RU

Xərçəngin dərmanı bu il tapılacaq? - inqilabi gözlənti

2025-ci ilin sonunadək süni intellekt texnologiyalarından istifadə etməklə xərçəng, ürək-damar və ya neyrodegenerativ xəstəliklərin müalicəsi üçün dərman hazırlana bilər. Bu sözləri kimya üzrə 2024-cü il Nobel mükafatı laureatı Demis Hassabis “Financial Times” qəzetinə müsahibəsində deyib.
 
“Biz onkologiya, ürək-damar xəstəlikləri, neyrodegenerasiya, bütün əsas xəstəlik sahələrinə baxırıq və düşünürəm ki, bu ilin sonuna qədər ilk dərmanımız olacaq”, - alim deyib.
 
Hassabis qeyd edir ki, adətən bir dərman hazırlamaq üçün orta hesabla 5-10 il vaxt lazımdır. Bununla belə, süni intellektin istifadəsi bu prosesi on dəfə sürətləndirə bilər ki, bu da səhiyyədə əsl inqilab olar.
 
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp süni intellektin inkişafına 500 milyard dollar sərmayə qoyacaq şirkətin yaradılmasını elan edib.
 
“Yeni Müsavat” qəzetinə danışan onkoloq, tibb üzrə fəlsəfə doktoru Fərid Museyibov deyir ki, elm və texnologiya çox sürətlə inkişaf etsə də, xərçəngi tam sağaldan dərman hələ hazırlanmayıb. Hazırda yalnız yardımçı vasitələrdən istifadə olunur.  
 
 
“Süni intellekt texnologiyalarına ümidliyik, amma tam əminliklə nəsə deyə bilmərik. Bunu gələcək göstərəcək. Hətta inkişaf etmiş dünya ölkələrində də xərçəngi 100 faiz sağaldan təcrübə yoxdur. Azərbaycanda istifadə olunan müalicə metodları kimyaterapiya və radioterapiyadır. Son zamanlar isə ”ağıllı dərman" müalicəsindən geniş istifadə olunur. Xərçəngin üçüncü və dördüncü dərəcəsində istifadə olunan metodlar fərqlidir.  Ölkəmizdə cərrahi müalicə, kimyaterapiya və şüa müalicəsi geniş yayılıb". 
 
Onkoloq Həqiqət Vəliyeva bildirir ki, süd vəzi xərçənginin diaqnostikasında süni intellektdən istifadə olunur.  
 
“Mamoqrafiyada süni intellekt proqramlarından istifadə olunur. Radioloq tərəfindən təyin oluna bilməyən kiçik ölçülü dəyişiklikləri, şübhəli sahələri süni intellektlə daha san tapmaq olur. Bir istiqamətə yönəldir və radioloq oraya baxır.  
 
Azərbaycanda bəzi klinikalar bu proqramı alıb istifadə edirlər. Təbii ki, həkimlər  tək proqramla kifayətlənmirlər, sonda özləri də məlumatları süzgəcdən keçirib qərar verirlər".    
 
Onkoloq Nəsimi Qasımov bildirir ki, ağırlaşmış xərçəng xəstəsini heç bir texnologiya xilas edə bilməz. 
 
“Hər xəstəlik vaxtında aşkarlandıqda müalicə oluna bilər. Müalicəni gecikdirdə isə elə fəsadlar çıxır ki, heç bir dərman vasitəsi təsir etmir. Süni intellekt xərçəng xəstəliyini vaxtında aşkar etmək üçün hansı tədbirlərin görüləcəyinə yardım edə bilər. Bəd xassəli şişin qarşısını süni intellektlə almaq mümkün olacaq anlayışına çox da inanmıram. 51 ildir ki, süd vəzi xərçənginin müalicəsi ilə məşğul oluram.  Bəzən xəstə gəlir ki, onu 21 il əvvəl əməliyyat etmişəm, sağlam həyatına davam edir. İndi isə xəstələrə mümkün hər şeyi edirsən, amma eyni effekti almırsan.   
 
Artıq xəstəliklər bizim etdiyimiz müalicəyə qarşı davamlılıq əldə edib.  İnsan orqanizmi dəyişilib.  Bizim babalarımıza antibiotik vurmamışdılar, valideynlərimizə bir neçəsini, bizə isə hər cür antibiotik vurublar. Ona görə də bizdən sonrakı nəsillərdə dərmana qarşı həssaslıq yoxdur".
 
Şahanə RƏHİMLİ,
Musavat.com 
Избранный
12
50
moderator.az

10Источники