Azərbaycan bir sıra önəmli beynəlxalq platformalarda fəal iştirak edir. Belə platformalardan biri də ənənəvi olaraq hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumudur. 1974-cü ildən sonra demək olar hər il keçirilən Dünya İqtisadi Forumu bu il “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında təşkil olunub.
Prezident İlham Əliyev hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin önəmini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Dövlətimizin başçısı bu dəfə də Forum çərçivəsində müxtəlif görüşlər keçirərək nəzərdə tutulan regional layihələr, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi Azərbaycanın mühüm rolunu diqqət mərkəzində saxlayıb.
Sfera.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
O qeyd edib ki, budəfəki Forumda beş əsas istiqamət üzrə müzakirələr təşkil olunub. Belə ki, bu müzakirələrə inkişafın yenidən dizayn edilməsi, intellektual əsrdə sənayelər, insan kapitalına investisiya, planetin mühafizəsi və etimadın bərpası mövzuları daxildir. Forum çərçivəsində təşkil olunan sessiyalarda qlobal təhlükəsizlik, ticarət, iqtisadi artım, iş yerləri, iqlim və təbiətlə bağlı fəaliyyətlər, enerji keçidi, texnoloji pozulmalar, sağlamlıq və rifah üzrə irəliləyişlərlə bağlı müzakirələr aparılıb. Tədbirin başlıca məqsədi kollektiv fəaliyyət azadlığını bərpa etmək və liderlər arasında şəffaflıq, ardıcıllıq və hesabatlılıq kimi əsas prinsipləri gücləndirməkdir.
Deputatın fikrincə, Forumda Azərbaycana marağın yüksək olduğunu deməyə ciddi əsaslar var. Çünki Azərbaycanın iştirak etdiyi son tədbirdən bəri regionda vəziyyət tamamilə dəyişib, ölkəmiz yeni reallıq yaradıb.
"Azərbaycanın Vətən müharibəsində Qələbəsindən, eləcə də suverenliyini tam bərpa etdikdən sonra bölgədə geniş əməkdaşlıq imkanları formalaşıb. Ölkəmizdə əlverişli investisiya mühiti mövcuddur. Azad edilmiş ərazilərimizdə isə sərmayələrin yatırılması üçün böyük potensial var. Ona görə də əminliklə söyləmək olar ki, bu dəfə beynəlxalq şirkətlərin Azərbaycana marağı daha böyük olacaq. Prezident İlham Əliyev Forum çərçivəsində bir sıra ölkələrin rəhbərləri ilə görüşməklə yanaşı, dünyada tanınmış bəzi şirkətlərin rəhbərləri ilə də görüşlər keçirib, əməkdaşlığa dair müzakirələr aparılıb. Belə ki, iqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə Davos Forumu ümumdünya məsələlərin müzakirəsi və vacib qərarların qəbulunda əlverişli mühit deməkdir.
Forum dünyanın iqtisadi coğrafiyasında yeni təşəbbüskarlığa, o cümlədən enerji-nəqliyyat layihələrinin gerçəkləşməsinə siyasi dəstəyi də ifadə edir. Bu baxımdan Azərbaycanın liderliyi ilə regionda reallaşan enerji-nəqliyyat, bərpaolunan enerji layihələri qlobal iqtisadiyyata yeni istiqamətlər vermək baxımından əhəmiyyət kəsb edir. 55-ci Davos Forumu da Azərbaycan üçün olduqca məhsuldar və səmərəli keçib. Prezident İlham Əliyevin Davosda qarşı tərəflərin müraciəti əsasında Almaniya Kansleri Olaf Şolts, İsrailin Prezidenti İsxak Hersoq, Latviya Prezidenti Edqars Rinkeviçs, İraq rəhbəri Camal Rəşid, Ukrayna Prezidenti Volodimir Zelenski və digər şəxslərlə keçirdiyi görüşlərdə Azərbaycan ilə həmin ölkələr arasında iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsi barədə geniş fikir mübadiləsi aparılıb. Biznes dairələrinin qarşılıqlı səfərlərinin təşkilinin, onlar arasında birbaşa təmasların yaradılmasının vacibliyi qeyd olunub. “Azərbaycanın dövlət başçısının dünyanın nəhəng investisiya və maliyyə şirkətlərinin rəhbərləri ilə də görüşləri yaddaqalan olub. Onların sırasında “The Goldman Sachs Group İnc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüş xüsusi vurğulanmalıdır. Görüşdə Azərbaycan ilə “The Goldman Sachs Group Inc.” şirkəti və digər təşkilatlar arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bütün bunlar Azərbaycan Prezidentinin dünyada yüksək nüfuzundan xəbər verir”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.