Gürcüstanda Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinə və üzvlərinə xidməti odlu silah gəzdirməyə icazə veriləcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının deputatları tərəfindən parlamentə təqdim olunub.
Layihəyə əsasən MSK üzvləri “Silah haqqında” Qanuna düzəlişlə öz səlahiyyətlərini həyata keçirmək üçün xidməti silah gəzdirmək hüququna malik şəxslərin siyahısına əlavə ediləcək.
Bundan başqa, son 4 il ərzində vəzifəsini fasiləsiz icra etmiş MSK üzvləri səlahiyyət müddəti başa çatdıqdan sonra da özünümüdafiə məqsədilə idman xarakterli odlu silah gəzdirə biləcəklər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi