RU

UNFPA rəsmisi ilə gender bərabərliyi üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib

Yanvarın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Əhali Fondunun (UNFPA) ölkə ofisinin rəhbəri Fərid Babayevlə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə UNFPA ilə uğurlu əməkdaşlığa diqqət çəkən Bahar Muradova həyata keçirilən layihələrin nəticələri barədə danışıb, bunların növbəti illərdə də davam etdiriləcəyinə inamını ifadə edib.

B.Muradova gender bərabərliyi anlayışının qadın və kişi bərabərliyinə əsaslandığını, eləcə də gender bərabərliyinin təmin olunması istiqamətində kompleks yanaşmanın önəmini vurğulayıb, həyata keçirilən layihələrdə kişilərin rolunun artırılmasının vacibliyini qeyd edib. O, uşaqların doğulanadək cins seçiminə məruz qalmasının məişət zorakılığının bir növü olduğunu qeyd edərək, bu sahədə qabaqlayıcı tədbirlərin əhəmiyyətindən danışıb. Həmçinin bir sıra problemlərin ailə müstəvisində həll olunduğunu vurğulayıb və əlavə edib ki, ailə bağlarını gücləndirərək, ailə dəyərlərini qoruyaraq məişət zorakılığı problemini sağlam və konstruktiv şəkildə həll etmək mümkündür. Çıxışının davamında B.Muradova növbəti illər üçün Məişət Zorakılığı üzrə Milli Fəaliyyət Planı layihəsinin hazırlanması, eləcə də Azərbaycan Hökumətinin CEDAW üzrə hesabatlılıq prosesində təşkilatla əməkdaşlığa dair təklif və tövsiyələrini səsləndirib.

UNFPA ölkə ofisinin rəhbəri Fərid Babayev gender bərabərliyinin təmin olunması və məişət zorakılığı ilə mübarizə istiqamətində Komitə ilə uğurlu əməkdaşlıqdan və birgə icra edilən layihələrdən danışıb. O, 2020-2023-cü illərdə Gender Əsaslı Zorakılıq üzrə Monitorinq Qruplarının bacarıqlarının artırılması üzrə təlimlərin keçirildiyini, eləcə də gender-əsaslı zorakılıqla bağlı “860 Dəstək Xətti”nin fəaliyyət göstərdiyini qeyd edib. Komitə ilə birgə uşaqlar arasında cins nisbətinin pozulması ilə mübarizə istiqamətində 2018-2023-cü illəri əhatə edən fəaliyyətlərə diqqət çəkib.

Təşkilatın hazırda həyata keçirdiyi layihələrdən danışan UNFPA rəsmisi Komitə ilə əməkdaşlıq məqsədilə bir sıra təkliflər irəli sürüb.

Görüş zamanı UNFPA-nın 2021-2025-ci illər üzrə Ölkə Proqramı çərçivəsində Komitə ilə baş tutmuş əməkdaşlığının nəticələri müzakirə edilib, yeni Ölkə Proqramına (2026-2030) dair tövsiyələr dinlənilib və fikir mübadiləsi aparılıb.

Избранный
16
2
yeniazerbaycan.com

10Источники