Azərbaycan yığmasının və «Zirə»nin sabiq müdafiəçisi Təmkin Xəlilzadə məşqçi həyatına atılıb.
Üç il öncə futbolçu karyerasına ara vermək məcburiyyətində qalan Xəlilzadə «Cəbrayıl»ın sükanı arxasına keçib.
Düzdür, bu təyinat hələ rəsmiləşməyib, ancaq o, artıq neçə gündür komandanı məşqə çıxarır.
I Liqanın debütantı olan Qarabağ təmsilçisi 11 tura 14 xal toplayıb. Kollektiv 2025-ci ili 5-ci pillədə salamlayıb.
Uğurlu starta rəğmən, Elhad Nəziri buradan ayrılıb. O, rəhbərliklə arasında yaranan ciddi fikir ayrılığına görə düşərgəni tərk edib.
Ölkənin ən tanınmış, problemli və qalmaqallı oyunçularından biri sayılan Təmkin Xəlilzadənin I Liqada rəsmən çalışacağını demək isə hələ tezdir.
Çünki 31 yaşlı keçmiş «Zirə»linin nə B, nə də A kateqoriyası var. vaxtilə millinin formasını geyindiyi üçün sadəcə C lisenziyası mövcuddur, o da belə deyək, hədiyyədir.
Görək, Peşəkar Futbol Liqası hazırda minifutbol yığmasının üzvü olan Xəlilzadəyə belə bir güzəşt edəcəkmi?
SPORTİNFO.AZ