Azərbaycanın yeniyetmələrdən ibarət basketbol millilərinin Avropa çempionatının qrup mərhələsindəki rəqibləri bəlli olub.
Arena.az xəbər verir ki, oğlanlardan ibarət U-18 yığmamız B Divizionunun B qrupunda Rumıniya, Gürcüstan, Danimarka, Ukrayna və Portuqaliya ilə üz-üzə gələcək.
Qarşılaşmlar 25 iyul – 3 avqust aralığında Rumıniyanın Piteşti şəhərində təşkil olunacaq.
Qızlardan ibarət U-18 millimiz B Divizionunun B qrupunda Bosniya və Herseqovina, Litva, Kosovo, Ukrayna və İslandiya yığmaları ilə qarşılaşacaq. Matçlar iyulun 4-13-ü aralığında Litvanın Alitus və Vilnüs şəhərlərində gerçəkləşəcək.
Oğlanlardan ibarət U-16 millimiz C Divizionunun B qrupunda Lüksemburq, Andorra, San Marino və Cəbəllütariq komandaları ilə qarşılaşacaq. Eyni yaş qrupunda yarışacaq qızlardan ibarət millimiz isə B Divizionunun B qrupunda Slovakiya, İsveç, Niderland və Lüksemburq yığmaları ilə münasibətlərinə aydınlıq gətirəcək.
Oyunlar müvafiq olaraq iyulun 5-13-ü aralığında Albaniyanın paytaxtı Tiranada və avqustun 20-29-da Türkiyənin İstanbul şəhərində baş tutacaq.