RU

Mədə qıcqırmasından qurtulmağın sadə, amma effektiv üsulları: Əsər-əlamət qalmayacaq

Mədə qıcqırmasından qurtulmağın sadə, amma effektiv üsulları:

Mədə yanması mədə turşusunun qida borusuna sızması ilə meydana gələn və adətən döş qəfəsində yanma hissi, ağıza acı suyun gəlməsi və həzmsizlik kimi əlamətlərlə özünü göstərən bir xəstəlikdir. Müasir həyat tərzi, sürətli yemək vərdişləri və yanlış qidalanma seçimləri bu problemi artıra bilər. Xoşbəxtlikdən, mədə yanmasını aradan qaldırmaq və ya qarşısını almaq üçün təbii və sağlam qidalardan istifadə edə bilərsiniz.

Emlakbazari.az

E-saglam.az mədə yanması zamanı faydalı olacaq qidaların siyahısını təqdim edir: 

1. Banan

Banan, aşağı turşuluğu və yumşaq toxuması ilə mədə yanmasının qarşısını almağa kömək edən əla qidadır. Liflə zəngin olduğu üçün həzmi dəstəkləyir və mədəni sakitləşdirir. O, həmçinin mədə divarını qoruya və turşunun yemək borusuna sızmasının qarşısını ala bilər. Gündəlik bir bananı qəlyanaltı və ya səhər yeməyi olaraq istehlak edərək mədə sağlamlığınızı dəstəkləyə bilərsiniz.

2. Yulaf əzməsi

Yulaf mədə turşusunu balanslaşdırmağa kömək edən və uzun müddət toxluq hissini qoruyan lifli qidadır. Səhər yeməyi üçün süd və ya bitki mənşəli süd ilə yulaf əzməsi hazırlaya və onun dadını artırmaq üçün banan, qoz və ya az miqdarda bal əlavə edə bilərsiniz. Yulaf mədəni qıcıqlandıran qidaların təsirini də azalda bilər.

3. Zəncəfil

Zəncəfil mədə yanması, ürəkbulanma və həzmsizlik kimi problemlərin təbii həllidir. İltihab əleyhinə xüsusiyyətləri sayəsində mədəni sakitləşdirir və həzm prosesini asanlaşdırır. Təzə zəncəfil dilimlərini qaynar su ilə dəmləyib çay hazırlaya bilərsiniz. Həmçinin, yeməklərə sürtgəcdən keçirilmiş zəncəfil əlavə edərək də istehlak etmək mümkündür. Lakin həddindən artıq zəncəfil istehlakı mədəni qıcıqlandıra bilər.

4. Xiyar

Xiyar, tərkibindəki yüksək su sayəsində mədəni sakitləşdirməyə və mədə turşusunu tarazlaşdırmağa kömək edir. Xüsusilə yay aylarında təravətləndirici qəlyanaltı kimi seçim etmək olar. Xiyarı çiy şəkildə istehlak edə, salatlarınıza əlavə edə və ya qatıqla tzatziki kimi hazırlaya bilərsiniz.

5. Çobanyastığı çayı

Çobanyastığı çayı mədə üçün sakitləşdirici və rahatlaşdırıcı təsiri ilə tanınır. İltihab əleyhinə xüsusiyyətləri sayəsində mədə divarını qoruyur və həzmi dəstəkləyir. Yeməkdən sonra bir stəkan çobanyastığı çayı içmək mədə yanmasını aradan qaldıra bilər. Çayı bal ilə tatlandıraraq daha faydalı hala gətirə bilərsiniz.

6. Qovun və qarpız

Qovun və qarpız kimi yüksək su tərkibli meyvələr mədə turşusunu balanslaşdıraraq mədəni sakitləşdirə bilər. Xüsusilə yay aylarında təravətləndirici bir alternativ olaraq istehlak edilə bilər. Yeməklər arasında bu meyvələrdən bir porsiya istehlak etmək mədə yanmasının qarşısını almaqda təsirli ola bilər.

7. Badam

Çiy badam mədə turşusunu balanslaşdıraraq yanma hissini aradan qaldıra bilər. Lakin istehlak miqdarına diqqət yetirilməlidir. Gündə bir ovuc çiy badam yemək kifayətdir. Qovrulmuş və ya duzlu badamlardan qaçınmaq lazımdır, çünki bu cür işlənmiş badamlar mədəni qıcıqlandıra bilər.

8. Qaynadılmış kartof

Qaynadılmış kartof mədə üçün sakitləşdirici təsirə malikdir və mədə turşusunu tarazlaşdırmağa kömək edir. Xüsusilə qaynadılmış və ədviyyatsız istehlak edildikdə mədə yanmasının qarşısını ala bilər. Qızardılmış kartofdan çəkinərək, qaynadılmış və ya sobada bişmiş kartofa üstünlük vermək daha sağlam seçimdir.

9. Qatıq

Qatıq mədə sağlamlığını dəstəkləyən probiyotiklərlə zəngindir. Sadə qatıq seçərək mədə yanmasını aradan qaldıra bilərsiniz. Qatıq həzm prosesini asanlaşdırır və immun sistemini gücləndirən faydalı bakteriyalar ehtiva edir.

10. Şüyüd toxumu

Şüyüd həzm sisteminə sakitləşdirici təsir göstərən təbii bitkidir. Şüyüd toxumlarını qaynar su ilə dəmləyib çay kimi istehlak edə və ya yeməklərinizə az miqdarda əlavə edə bilərsiniz. Şüyüd çayı mədə qazını azaldır və həzmsizliyi aradan qaldıra bilər.

Mədə yanmasının qarşısını almaq üçün əlavə məsləhətlər

Mədə yanmasının qarşısını almaq üçün düzgün qidalanmaqla yanaşı, həyat tərzinizdə bəzi dəyişikliklər etməlisiniz:

Kiçik və tez-tez yemək yeyin: Mədənizi həddindən artıq doldurmaq əvəzinə, gün ərzində az, lakin tez-tez yemək yeyin.

Acılı və turşulu qidalardan uzaq durun: Acı bibər, pomidor və sitrus meyvələri kimi mədəni qıcıqlandıran qidaları məhdudlaşdırın.

Yeməkdən dərhal sonra uzanmayın: Yeməkdən sonra ən azı 2-3 saat dik vəziyyətdə qalmağa çalışın.

Yavaş-yavaş yeyin və hərtərəfli çeynəyin: Sürətli yemək mədənin gərginləşməsinə və yanma hissinin artmasına səbəb ola bilər.

Bol su için: Gün ərzində kifayət qədər su içmək mədə turşusunu balanslaşdırmağa kömək edir.

Alkoqol və siqaretdən uzaq durun: Bu maddələr mədə turşusunu artırır və yemək borusunu qıcıqlandıra bilər.

Rahat paltar seçin: Qarın nahiyəsini sıxan paltarlardan qaçın, çünki bu, mədəyə təzyiq göstərə və turşunun yemək borusuna sızmasına səbəb ola bilər.

Həkimə nə zaman müraciət etməli?

Mədə yanması zaman-zaman baş verə bilər və adətən düzgün qidalanma və həyat tərzi dəyişiklikləri ilə idarə oluna bilər. Ancaq aşağıdakı hallarda həkimə müraciət etmək vacibdir:

  • Mədə yanması həftədə bir neçə dəfə baş verirsə,
  • Udmaqda çətinlik çəkirsinizsə və ya ağrınız varsa,
  • Mədə yanması gecələr yuxunuzu pozursa,
  • Dərman istifadəsinə baxmayaraq şikayətləriniz davam edirsə.

Bu tövsiyələrə əməl edərək mədə yanmasının qarşısını almaq və ümumi sağlamlığınızı qorumaq mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az


Избранный
14
3
e-saglam.az

10Источники