Fransa Prezidenti Emmanuel Makron Britaniyanın Baş naziri Keir Starmer ilə ABŞ-ın yeni tariflərinə cavab tədbirləri və Ukraynadakı vəziyyətlə bağlı müzakirələr aparıb.
Operativ Media xəbər verir ki, bu haqda Makron "X" hesabında paylaşım edib.
"ABŞ tariflərinin qlobal iqtisadiyyata vurduğu zərbə fonunda biz ABŞ Prezidenti Donald Trampla danışıqlarda mövqelərimizi yaxından əlaqələndirməyə hazır olduğumuzu təsdiq etdik", – deyə Makron qeyd edib.
O əlavə edib ki, "ticarət müharibəsi heç bir tərəfin maraqlarına uyğun deyil".
Makronun sözlərinə görə, görüşdə Ukraynaya dəstək məsələsi də diqqət mərkəzində olub.
"Biz ukraynalılara uzunmüddətli yardım haqqında düşünməyə davam edirik. İlk növbədə, müdafiənin birinci xəttində qalacaq Ukrayna ordusuna yardım göstərmək niyyətindəyik", – deyə Fransa prezidenti vurğulayıb.
Bundan əlavə, o bildirib ki, Britaniya Baş naziri ilə söhbət zamanı "təmas xəttindən uzaqda yerləşdiriləcək çəkindirici kontingentin mümkün formalaşdırılması" məsələsi də müzakirə olunub.