Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev klubun mətbuat xidmətinə müsahibə verib.
Arena.az xəbər verir ki, Tovuz təmsilçisinin çalışdırıcısı əvvəlcə komandasının mövsümün ilk yarısındakı çıxışına qiymət verib:
“Ümumi götürsək, nəticədən məmnunluq var. Mövsümün əvvəlində kimsə desəydi ki, ilk yarını 3-cü pillədə yekunlaşdıracağıq, bu qədər xal toplayacağıq, həmin vaxt bu fikirdən razı qalardıq və məmnun olardıq. Amma bəzi oyunlar oldu ki, daha yaxşı oynayıb qələbə qazana bilərdik və tam razı qalardıq”.
Berdıyev Türkiyədə təlim-məşq toplanışını da dəyərləndirib: “Komandaya yaxşı şərait yaradılıb. Hava da əlverişlidir. Təlim-məşq toplanışı plana uyğun və kifayət qədər yaxşı keçir”.
Baş məşqçi yeni transferlər barədə də fikirlərini bölüşüb: “Fikrimcə, bu uşaqlar birmənalı şəkildə bizə kömək edəcəklər. Həm Rəhim Sadıxov, həm də Orxan Əliyev kollektivə tez uyğunlaşa bilən futbolçulardır. Bu da olduqca vacib bir məqamdır. Onlar qarşıya qoyulan tapşırığı başa düşürlər və yaxşı hazırlaşırlar”.
“11 legioner oynayacaqsa, onda akademiyalar nə işə yarayır?”
Kurban Berdıyev son vaxtlar ölkəmizdə legioner limitinin ləğv olunması ilə bağlı müzakirələrlə də bağlı mövqeyini açıqlayıb: “Bu çox ciddi sualdır. Mən bu məqamla tez-tez rastlaşmışam. Limitlə bağlı danışırıqsa, onu demək lazımdır ki, bunun üçün strateji yönləndirmə lazımdır. Azərbaycan futbolunun yaxın 5-7 il ərzində inkişaf mərhələsini dəqiq bilmirəm. Sözsüz ki, bu məsələdə vacib olan məqam təsadüfi yox, mərhələli şəkildə işin aparılmasıdır. Plan futbolun mərhələli şəkildə inkişafı üçün nəzərdə tutulubsa, bu başqa məsələ. Yox, bu məsələ təsadüfi, spontan şəkildə yaranıbsa, onda nəsə demək çətindir. Tutaq ki, ancaq 11 legioner oynayacaqsa, onda bizim akademiyalar nə işə yarayır? Onda bizim uşaqlar, indi oynayan azərbaycanlı futbolçular harada çıxış edəcəklər? Bu məsələni müzakirə edərkən, ilk növbədə Azərbaycan milli komandasının strateji xəttini, ölkənin nüfuzunu əsas götürmək lazımdır. Yenə də təkrarlayıram, belə məsələni qaldıran insanlar bu barədə düşünürlərmi? Çünki uşaq və yeniyetmə milli komandalarının strateji inkişafı nəzərə alınmırsa, onda ölkə futbolunun nüfuzu olmayacaq. Məncə, biz anlamalıyıq ki, bu qərar sadəcə olaraq uşaq və yeniyetmə futbolunu öldürəcək. Sözsüz ki, bundan sonra bir çox azərbaycanlı futbolçu harasa getmək məcburiyyətində qalacaq. Bilmirəm, çətin sualdır. Amma mən birmənalı olaraq buna qarşıyam”.
Berdıyev sonda “Turan Tovuz”un azarkeşləri barədə müsbət fikirlər dilə gətirib: “Bizim azarkeşlərimiz inanılmaz insanlardır. Komandanın arxasıyca hər yerə gedirlər. Hətta komanda uğursuz çıxış edəndə belə tam dəstəklərini nümayiş etdirirlər. Buna görə də klub adından, uşaqların adından onlara təşəkkür düşür. Çətin anlarda göstərdikləri səbr nəyə desən dəyər. İnşallah, ümid edirəm ki, mövsümün sonunda onları məyus etməyəcəyik”.