Azərbaycan Premyer Liqasının XX turunun “Şamaxı” – “Zirə” (1:2) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Üzücü məğlubiyyət oldu. Belə oynayıb məğlub olduqda ikoqat üzülürük. Oyun baxımından futbolçularım daha yaxşı idi. Amma diqqətsizlik öz sözünü dedi. “Zirə”yə qarşı qol epizodlarını qaçırtmağın, cəzası bəllidir. Çempionat davam edir. Fərdi səhvləri azaltsaq, nəticə olacaq. Bu gün “Zirə”nin ikinci qolunda da fərdi keyfiyyəti gördük. Çox çalışmalıyıq.
– Oyunun ədalətli nəticəsi sizcə nə idi?
– Heç-heçə.
– Arsen Ağcabəyovun son saniyədə qaçırdığı epizod barədə nə deyə bilərsiz?
– Bu tip epizodlara girmək özü bir işdir. Belajdi Pusinin də belə bir epizodu oldu. “Turan Tovuz”da Pusinin belə vəziyyətdə “Sabah”a vurduğu qol var. Əlbəttə, üzücü hal idi. Amma istər ilk, istərsə də son dəqiqələrdə olsun. Epizodu qaçırdıqsa, bədəlini də ödəməliyik.“Qarabağ”a son iki matçımızı fərdi səhvlərdə uduzmuşuq. Bunun qarşısını almasaq, əlbəttə, uduzacayıq.
– Tarixdə yaxşı oyun yox, nəticələr yadda qalır…
– Əlbəttə. Futbolçularıma da demişəm ki, yaxşı oyun xal vermir. Bizim məqsədimiz bəllidir. Amma ümid verir ki, məqsədimizə çatacayıq.
– Ən çox transferlər edən klubsuz. Pulunuz bitib?
– Ən çox ayrılan bizdə olduğu üçün ən çox transferlər də bizdə oldu. Hələ ki, yolumuza baxırıq. İrəliləyən vaxtlarda nə olacaqsa, görəcəyik.
– Son günlərdə legioner limitinin ləğv olunacağı və komanda sayının artırılacağı deyilir. Sizin münasibətiniz necədir?
– Həmişə tərəfdarı olmuşam ki, komanda sayı çox olsun. İstər-istəməz komandalar 4 dövrə bir-biriylə oynamaqdan bezirlər. Həm yeni futbolçular üzə çıxacaq. Hamı gedib legioner gətirəsi deyil. Önəmli olan yeni komandaların stadionları, infrastrukturudur.