“Neftçi”nin futbolçusu Yuri Matias Rumıniya mətbuatına müsahibə verib.
İdman.biz xəbər verir ki, 30 yaşlı braziliyalı mərkəz müdafiəçisi Avropa Liqası çərçivəsində keçirilək “Qarabağ” – FCSB matçını dəyərləndirib.
Vaxtilə Rumıniyada “Gaz Metan Mediaș” (2020-2022) və “ÇFR Kluj” (2022-2023) klublarında çıxış edən Matias Azərbaycan çempionunu şanslı sayıb.
- "Qarabağ" - FCSB matçında kim qalib gələr?
- FCSB üçün çox çətin matç olacağını deyirəm. "Qarabağ" normal səviyyədə oynasa, FCSB-nin heç-heçə əldə etməsi çətin olacaq. FCSB də Avropada yaxşı çıxış edir və sürprizlər edən komandadır, amma bilməlidirlər ki, burada onlar üçün çox çətin olacaq.
- Azərbaycanda həyat necədir?
- Mən buranı çox bəyənirəm. Bakı çox, çox gözəl şəhərdir. Sakitlikdəsən, təhlükəsizsən. Hər şey mükəmməldir.
- “Qarabağ” Azərbaycan üçün nə deməkdir?
- Bu, son 10 ildə Avropada yaxşı çıxış edən komandadır və bu, ölkənin digər klublarına da stimul verir. Azərbaycanın ən tarixi və ən böyük klubu isə “Neftçi Bakı”dır, lakin son on ildə “Qarabağ” dominantlıq edir.
- Bu komanda necə oynayır?
- Çox möhkəm komandadır. Bir çox futbolçu 5-6 ildir bir yerdədir. Onların 17 ildir eyni məşqçisi var və bütün oyunçular meydana kimin girməsindən asılı olmayaraq, nə etməli olduqlarını bilirlər. Onlar çoxlu şanslar yaradır, topa sahib olmağı xoşlayırlar. Heç nədən qol imkanları yarada bilirlər.
- Ən təhlükəli oyunçuları kimdir?
- Ən təhlükəli oyunçu artıq gedib, amma komandada yaxşı futbolçular çoxdur. Zubir çox yaxşıdır, Romao və Yankoviç də komandada mühüm rol oynayırlar.
- Ən yaxşı oyunçuları klubu tərk edən braziliyalı idi?
- Bəli, Juninyo. Çempionatın ən yaxşı oyunçusu idi. Daha onu saxlaya bilmədilər. Onun üçün "Flamenqo"dan 5 milyon avro aldılar. Amma “Qarabağ”a həmişə futbolçularla bağlı təkliflər olur. Klublar futbolçular üçün 2-3 milyon avroluq təklifləri rədd edir. Klubun yaxşı maliyyəsi və çox yaxşı strategiyası var.
- “Qarabağ” hansı maaşları təklif edir?
- Rumıniyanın heç bir klubu orta hesabla belə maaş təklif etmir. Orada təklif olunanlardan daha çox.
- “Qarabağ” Rumıniyada çempion ola bilərmi?
- 200% titul uğrunda mübarizə apararlar. Keçən mövsüm ikinci yerdən 25 xal fərqlə çempion oldular. Baxmayaraq ki, bu matçların yarısında ehtiyatdakı futbolçularla oynayıblar. Onların çox balanslı heyəti var və məşqçi tez-tez bütün komandanı dəyişir.
- “Neftçi”də vəziyyət necədir?
- Təəssüf ki, komanda bizim istədiyimiz yerdə deyil. “Neftçi” Azərbaycanın ən sevimli klubudur, uğur yoxdursa, insanların narazı qalması normaldır. Çalışırıq ki, komandanı əvvəlki vəziyyətinə qaytaraq. İndi “Neftçi”yə son titulunu qazandıran məşqçi gəlib. Adrian Mutudan sonra Monteneqro və Ukraynadan məşqçilərimiz olub.
- Bəs şəxsi nöqteyi-nəzərdən?
- Şəxsən mən bütün matçlarda start heyətdə çıxış etdiyim üçün razıyam. Yalnız zədələndiyim zaman oyunları buraxıram, heç vaxt əvəzedici olmamışam. İndi iyuna qədər müqaviləm var və müddətin uzadılması ilə bağlı təklifi gözləyirəm.
İdman.biz