"Səfərdə çətin oyun oldu. Rəqib son matçlarda yaxşı formadadır”.
İdman.biz xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
43 yaşlı mütəxəssis Misli Premyer Liqasının XX turunun “Şamaxı” ilə oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb: “Ağır matç olacağını bilirdik. Belə rəqiblərlə görüşlərdə xarakter və intizamlı oyun vacibdir. Oyunçularımız buraxılan qoldan sonra yaxşı reaksiya verdilər. İlk 45 dəqiqənin sonunda standart vəziyyətdən fərqləndik. Fasilədən sonra daha əzmkar oyun oldu. Qələbə qazanan biz olduq. Bu gün "Şamaxı" da əla futbol oynadı".
Sadıqov qələbənin vacibliyini qeyd edib: “Fasiləyədək rəqib aqressiv pressinq tətbiq edirdi, topla oyunumuz alınmırdı. İkinci hissədə daha yaxşı alındı. Çox vacib 3 xal qazandıq. Ruan Renato ilə Aydın Bayramov arasında nə olduğunu görmədim. Gərgin və stressli oyun idi. Oyundan sonra paltardəyişmə otağında qucaqlaşdılar. Meydanda olanlar orada qaldı. Gələcəklə bağlı proqnoz vermək olmur. Futbolçularım psixoloji cəhətdən daha diqqətli olmalıdırlar. İndi 3-4 il əvvəlki çempionat deyil. Hamı bir-biri ilə başabaş oynayır. Daha da məsuliyyətli olmalıyıq”.
Qeyd edək ki, “Zirə” Şamaxı səfərində 2:1 hesabı ilə qalib gəlib.
İdman.biz