AZ

Rəşad Sadıqov: “Belə bir hadisənin olması üzücüdür”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 19-cu turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Fasilədən sonra ilk oyun olmasına baxmayaraq, hər iki komandanın futbolçuları aqressivlik, ustalıq göstərdilər. Sanki fasilə olmayıb. Oyun bizim üçün uğurlu başladı. İlk dəqiqələrdə fərqləndik. Yenə təhlükəli hücumlarımız var idi. Sonra oyuna nəzarət rəqibə keçdi. Birinci hissənin ikinci yarısını yaxşı keçirmədik. Fasilədən sonra daha aqressiv, istəkli idik. Hamımız rəqibin gücünü bilirik. Elmar Baxşıyev möhkəm, yaxşı komanda formalaşdırıb. Oyunçularımın çıxışından razı qaldım. Rəqibi təbrik edirəm.

İtkilərimiz var. Davit Volkov 10 gün idi məşq etmirdi, dünən məşq etdi. Ehtiyatda oturmuşdu. Qola ehtiyacımız olsaydı, onu meydana buraxacaqdıq. Rüstəm Əhmədzadə də ehtiyatda idi. Digər futbolçularımız fiziki cəhətdən ideal ola bilməzdilər. İlk turlarda bütün komandalar üçün bu keçərli olur. Hamı formasını bərpa etdikdən sonra daha istəkli, daha ambissiyalı olmaq istəyirik”.

Rəşad Sadıqov ilk hissənin sonunda iki komandanın futbolçuları arasında yaranmış gərginliyə də münasibət bildirib:

“Çox üzücüdür ki, iki komanda arasında belə şey baş verdi. Şükür, böyük insident olmadı, ola da bilməz. İki komanda arasında çox yaxşı münasibət var, rəhbərlik, məşqçilər və futbolçular arasında. Arada nə oldu bilmirəm, Qara Qarayev əsəbiləşdi. Sarı vərəqəsi olduğu üçün müdaxilə etdim ki, sakitləşsin. Dedim ki, özünə də zərər verəcəksən. Orada çox adam var idi, düz-əməlli danışa bilmədim. İstəməzdik ki, nəsə olsun. İkinci hissədə daha böyük hadisələr olmalı idi, amma klublar arasındakı yaxşı münasibətə görə meydanda hər şey yaxşı oldu”.

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:

“Ağır oyun alındı. Meydanda mübarizə getdi. Məğlub olsaq da, çox kədərlənmək fikrimiz yoxdur. Komanda olaraq bu oyunu unudub, qarşıdakı matça hazırlaşacağıq.

Qara Qarayevi fasilədə əvəzlədik. Sadəcə düşündük ki, emosiyalarını daha artıq birüzə verər, ona görə belə qərar verdik. Hər iki komandanın oyunçuları mübarizədən çəkinmirdilər. Futbolda bu cür hallar olur”.

Seçilən
3
13
arena.az

10Mənbələr