AZ

"Trampın prezidentliyi dünya iqtisadiyyatı üçün qeyri-müəyyənliklər vəd edir" - İqtisadçı

Donald Tramp bu gün ABŞ prezidenti kimi ikinci dəfə vəzifəsinin icrasına başlayacaq. Bütün dünyanın səbirsizliklə gözlədiyi andiçmə mərasimi Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək. Yəni artıq Ağ Evdə yeni dövr başlayır.

 

Maraqlıdır, dünya iqtisadiyyatında nələr olacaq?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov deyib ki, Trampın yenidən prezident kürsüsünə qayıdışı qlobal iqtisadiyyatda ciddi dəyişikliklər vəd edir:

 

“Onun 10-20%-lik ümumi tarif artımı və Çinlə ticarət əlaqələrinə 60%-lik tarif tətbiqi kimi təklifləri artıq Dünya Bankının proqnozlarına təsir edib. Əgər bu planlar reallaşarsa, 2025-ci ildə qlobal iqtisadi artım əlavə 0.3% azala bilər. ABŞ bazarları Trampın qayıdışını nikbinliklə qarşılasa da, investorlar ticarət müharibələrinin yenidən başlamasından ehtiyatlanır. Xüsusilə Çin iqtisadiyyatı - Avstraliya kimi bir çox ölkənin əsas ticarət tərəfdaşı bu tariflərin əsas hədəfi olacaq. Yavaşlayan Çin iqtisadiyyatı qlobal inflyasiyanı artıraraq bütün ticarət tərəfdaşlarına öz təsirini göstərə bilər”.

 

İqtisadçı qeyd etdi ki, Trampın iqtisadi siyasətləri “ikili xarakter” daşıyır: 

 

“Bir tərəfdən, vergi endirimləri və tənzimləmələrin azaldılması bazarları sevindirir, digər tərəfdən isə sərt tariflər və immiqrasiya məhdudiyyətləri qlobal qeyri-müəyyənlik yaradır. Ümumilikdə, Tramp əvvəlki prezidentlik dönəmindəki adam olmayacaq. Odur ki, onun ikinci prezidentlik dövrü tam fərqli gözlənilməz qərarlar, dünya iqtisadiyyatı üçün qeyri-müəyyənliklər vəd edir. Buna görə də ölkələr onun yeni dönəm hədəflərini diqqətlə izləyərək uyğun strategiyalar hazırlamalıdırlar”.

 

Günay 

Seçilən
8
50
sfera.az

10Mənbələr