Rusiya paytaxtında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyində 1990-cı il 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin rəsmi hissəsi başlamazdan əvvəl Səfirliyin və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) və diaspor təşkilatlarının nünümayəndələri 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş banner önünə gül dəstələri qoyublar.
Səfir Rəhman Mustafayev çıxışında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hissələrinin Azərbaycana qarşı hərbi təcavüzündən 35 il ötdüyünü xatırladıb. O qeyd edib ki, 20 Yanvar tariximizdə qanlı tarix olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın müstəqilliyinin bərpasına aparan yolun başlanğıcıdır.
“Bu tarixdən ölkəmizdə müstəqillik hərəkatı başlayır. Bu gün Azərbaycanın müasir tarixinə parlaq rənglərlə yazılmışdır. Bu, bizim igidliyimiz, qəhrəmanlığımız, Azərbaycan xalqının öz adət-ənənələrinə və müstəqillik prinsiplərinə sədaqət rəmzidir”, - deyə səfir bildirib.
R.Mustafayev vurğulayıb ki, indi 1990-cı ilin Yanvar hadisələrindən dərs çıxarmaq vacibdir: “Birinci dərs yaddaşdır. Bakı küçələrində tankların vətəndaşlarımızın avtomobillərinin, təcili yardım maşınlarının üstünə keçməsini hamımız yaxşı xatırlayırıq. Sovet əsgərlərinin süngü ilə yaralıları necə qovduğunu bilirik. Bilirik ki, Kalaşnikov avtomatlarında yerdəyişmiş ağırlıq mərkəzi olan güllələrdən istifadə edilirdi. Bunu hamımız xatırlayırıq”.
İkinci vacib dərs, diplomatın fikrincə, məsuliyyət dərsidir:
“Təəssüf ki, Bakıda qırğını təşkil edən Sovet İttifaqının rəhbərləri heç bir məsuliyyətə cəlb edilmədilər. Bunlar Nobel mükafatı laureatı Mixail Qorbaçov, onun ideologiya üzrə müşaviri Aleksandr Yakovlev, Daxili İşlər Nazirliyinin, DTK-nın və SSRİ Müdafiə Nazirliyinin rəhbərləri - Bakatin, Kryuçkov, Yazov, həmin günlər Bakıda fəaliyyət göstərən general Lebed və quru qoşunlarının baş komandanı Varennikovdur. Biz bu adları bilirik və xatırlayırıq və əməli işimizdə onların adlarının, hətta ölümündən sonra belə 20 Yanvar faciəsi ilə eyniləşdirilməsinə nail olmalıyıq.
Üçüncü - birlik dərsidir. Həmin günlərdə Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəlmişdi. Bu, 20 Yanvar hadisələri ilə bağlı həqiqətin ilk səsi idi. 20 Yanvarda Bakıda baş verənlərdən danışan, bu hadisələri pisləyən və ilk dəfə olaraq “müharibə cinayəti” adlandıran məhz Heydər Əliyev olmuşdur.
Heydər Əliyev Azərbaycan Prezidenti olduqdan sonra 1994-cü ildə ölkə parlamenti xüsusi qərar qəbul edib və həmin qərarda 20 Yanvar hadisələri öz layiqli qiymətini alıb”, deyə Azərbaycan səfiri yekunlaşdırıb.
Daha sonra tədbirdə 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində Ümummilli Lider Heydər Əliyevlə görüşün iştirakçıları - Azərbaycanın əməkdar müəllimi, Rusiya Federasiyasının əməkdar təhsil işçisi Aida Quliyeva və Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO)-nun professoru, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov çıxış edib. Onlar qeyd ediblər ki, Heydər Əliyev böyük şücaət və qəhrəmanlıq göstərərək ailə üzvləri birlikdə ölkəmizin Moskvadakı nümayəndəliyinə gələrək “Qanlı Yanvar” hadisələrinə siyasi qiymət verib.
Tədbirdə çıxış edən rusiyalı rejissor və ssenarist Liliya Borovskaya Rusiyada 20 Yanvar faciəsi haqqında az məlumat olduğunu söyləyib. Onun sözlərinə görə, Rusiyada Qarabağ haqqında 20 Yanvar faciəsindən daha çox məlumat var. “Mənə elə gəlir ki, 20 Yanvar çirkli, siyasi cəhətdən satılmış tarixin məntiqi yekunu idi. Bu yaxınlarda öyrəndim ki, Azərbaycan ictimaiyyəti Nobel Komitəsinə Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etmək üçün sorğu göndərib. Bu addım həm də Azərbaycan xalqının özünə hörmətini, milli qürurunu nümayiş etdirir. Mən Azərbaycan ictimaiyyətinin bu təşəbbüsünü tam dəstəkləyirəm. Rusiyada bir çox insan Qorbaçovun Nobel mükafatından məhrum edilməsi təşəbbüsünü bəyənir. Rusiyada bu təşəbbüsü bəyənən, dəstəkləyənlər Qorbaçovu “İuda” adlandırırlar”, deyə rusiyalı rejissor vurğulayıb.
Sonda 20 Yanvar şəhidlərin ruhuna ehsan verilib.