AZ

Mexikoda 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

Mexiko, 21 yanvar, AZƏRTAC

Azərbaycanın Meksikadakı səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Gənc Diplomatlar Assosiasiyasının” rəhbəri Maurisio Tofoya, o cümlədən assosiasiyanın üzvləri, bir sıra tələbələr, QHT təmsilçiləri, iş adamları və Azərbaycanın dostları iştirak edib.

Tədbirin əvvəlində 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən səfir Məmməd Talıbov Azərbaycan xalqı üçün 20 Yanvar faciəsinin acı nəticələri barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, həmin dövrün siyasi və sosial vəziyyətindən, Qorbaçov rejiminin Azərbaycanda törətdiyi qəddar və amansız addımlarından bəhs edərək, faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması mövzusunda mübarizənin əhəmiyyətini qeyd edib.

Xalqımıza qarşı törədilən bir sıra cinayətlərə, o cümlədən 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsində Ümummilli Lider Heydər Əliyevin rolunu xüsusi vurğulayan səfir Ulu Öndərin 20 Yanvar tarixinin ölkəmizdə “Ümumxalq Hüzn Günü” elan etdiyini, şəhidlərin xatirəsinin əbədiləşdirməsi məqsədilə Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldığını diqqətə çatdırıb.

Faciənin müasir dövrdə Azərbaycan xalqının müstəqillik mübarizəsinə verdiyi təsirlərdən danışan səfir 20 Yanvar hadisələrinin müstəqil Azərbaycan dövlətinin qurulmasında və xalqın müstəqillik əzminin daha da güclənməsindəki mühüm rolun vurğulayıb, Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olduğunu deyib.

Tədbirdə, həmçinin Azərbaycanın müstəqillik illərində keçdiyi yolda əldə etdiyi nailiyyətlər qeyd olunub, müstəqil Azərbaycanın beynəlxalq və regional rolundan söz açılıb. Ölkəmizin ətraf mühit, iqlim dəyişikliyi, mədəniyyətlərarası dialoq və digər qlobal məsələlərdə müstəsna rolundan bəhs olunub.

Tədbir çərçivəsində 20 Yanvar hadisələrinə həsr olunmuş videoçarx nümayiş edilib.

Seçilən
1
50
azertag.az

10Mənbələr