AZ

Ankarada “TOBB ETÜ” Universitetində 20 Yanvarla bağlı müzakirələr aparılıb

Ankarada Türkiyə İqtisadiyyat və Texnologiya Universitetində (TOBB ETÜ) “Azərbaycanın İstiqlal mübarizəsi və 1990-cı il 20 Yanvar hadisələri” adlı panel müzakirəsi keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, ölkəmizin Ankaradakı səfirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə diplomatlar, alimlər, ekspertlər, universitet tələbələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müzakirə iştirakçıları Azərbaycan və Türkiyə şəhidlərinin, bir gün əvvəl qardaş ölkənin onlarla sakininin həyatına son qoyan yanğın qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Eldar Əliyev Azərbaycanda baş vermiş “Qara Yanvar” hadisələrini xatırladaraq, ölkəmizin silahsız dinc sakinlərinin o dövrün dünyanın ən qüdrətli ordularından birinin qarşısına qorxmadan küçələrə çıxdığını vurğulayıb: “Birlik və azadlıq iradəsi Azərbaycan xalqına sağ qalmağa kömək etdi. 20 Yanvar hadisələri Azərbaycanın müstəqilliyinin bərpasının müjdəçisi oldu”.

O, dünya ictimaiyyətinin 20 Yanvar hadisələrinə münasibətinə diqqət çəkib. “Dünyanın bir çox ölkəsi qərəzlik və ikili standartlar nümayiş etdirərək, sovet rəhbərliyinin əmri ilə Azərbaycanda törədilən qanlı cinayətlərə heç bir reaksiya vermədilər”, - deyə Azərbaycan səfirliyinin müşaviri vurğulayıb.

Tədbirdə çıxış edən “TOBB ETÜ” Universitetinin rektoru, professor Yusuf Sarınay 1918-ci ildə erməni quldur dəstələrinin törətdiyi soyqırımı qurbanlarının, eləcə də Azərbaycan uğrunda canlarından keçən türk əsgərlərinin dəfn edildiyi Şəhidlər xiyabanında “Qara Yanvar” qurbanlarından 144 nəfərin dəfn edildiyini qeyd edib. “Şəhidlər xiyabanını ziyarət edən hər kəs hər iki xalqın qəhrəmanlarının xatirəsini ehtiramla yad edir. Türkiyə və Azərbaycan övladlarının qəhrəmanlığı ölkələrimizin toxunulmazlığının rəmzidir”, - deyə o vurğulayıb.

Sonra “Qara Yanvar” hadisələri mövzusunda film nümayiş etdirilib.

“TOBB ETÜ” Universitetinin professoru Saleh Sultansoyun moderatorluğu ilə panel çıxışlar olub.

Türkiyənin Milli Müdafiə Universitetinin professoru İbrahim Ethem Atnur Azərbaycanın SSRİ-nin dağılmasının ən faciəli hadisələrini yaşayan respublikalardan birinə çevrildiyini qeyd edib. Professor Türkiyə vətəndaşlarının hər zaman Azərbaycanı dəstəklədiyini və Türkiyədə baş verən hadisələrlə bağlı qardaş ölkə sakinlərinin də eyni şəkildə hərəkət etdiyini vurğulayıb.

Kahramanmaraş Sütçu İmam Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Toğrul İsmayıl qeyd edib ki, “Qanlı Yanvar” hadisələrini təhlil etmək üçün XIX əsrdən başlayaraq Cənubi Qafqazda baş verən bütün prosesləri araşdırmaq lazımdır.

T.İsmayıl Yanvar hadisələri zamanı Azərbaycan xalqının qəhrəmanlıq ruhunun yaşamaqda davam etdiyini və bunun 44 günlük Vətən müharibəsi iştirakçılarının əməllərində də özünü göstərdiyini deyib.

Ankara Universitetinin hüquq fakültəsinin professoru Cavid Abdullazadə Qanlı Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüb.

Tədbir çərçivəsində 20 Yanvara həsr olunmuş fotosərgi təqdim edilib.

Seçilən
0
1
report.az

10Mənbələr